Kiyevdə Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti 12-ci iclası keçirilib.
Boyukmilllet.com Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, yanvarın 29-dan 31-dək Ukrayna Ticarət Palatasının binasında baş tutan görüşdə Ukrayna və Azərbaycan biznes təşkilatlarının nümayəndələri iqtisadi əməkdaşlığın bir sıra məsələlərini, o cümlədən kiçik və orta sahibkarlığın inkişafını müzakirə ediblər.
Tərəflər həmçinin ticarət, investisiya, yanacaq-energetika və nəqliyyat sektorlarında, eləcə də turizm sahəsində iddialı birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan və Ukrayna nəqliyyat dəhlizlərinin yaradılması çərçivəsində ölkələr arasında nəqliyyat əlaqələrinin təmin edilməsi üçün əlverişli şəraitin yaradılmasının vacibliyi vurğulanıb.
Tərəflər eyni zamanda Ukrayna və Azərbaycanda infrastruktur obyektlərinin inkişafına yönəlmiş birgə layihələrin həyata keçirilməsində hər iki ölkənin biznesinin iştirak perspektivlərini müzakirə ediblər.
Ukraynanın səfiri Vladislav Kanevski Azərbaycanın Ukraynanın Cənubi Qafqaz regionundakı əsas tərəfdaşı olduğunu bildirib.
O vurğulayıb ki, son üç ildə qarşılıqlı ticarət dövriyyəsinin müsbət həcmlərinin bərpa edilməsi üzrə tendensiya müşahidə olunur.
İştirakçılara iki ölkə arasında bütün ticari-iqtisadi əməliyyatların həyata keçirilməsi üçün Bakıdakı logistika mərkəzinin layihəsi də təqdim olunub.
Bununla yanaşı, komissiya çərçivəsində hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri arasında B2B formatında danışıqlar da aparılıb.