Bunun əminliklə deyə bilərəm ki, dünən gecənin gec saatlarından bəri Azərbaycanda hər evdə işıqlar yanırdı, televizorlar işləyirdi. 5-10 dəqiqəlik gecikməylə bütün Azərbaycan xalqı bir-birini xəbərdar edərək oyatmışdı. Necə ki, mən kənddəki ata-anama gözaydınlığı, muştuluq vermək üçün zəng etmişdim, eləcə də hamı tanışına, qohumuna ailəsinə, qardaşına, bacısına zəng edib yuxudan oyatmışdı. Hamı öz Prezidentinin, Ali Baş Komandanının Zəfər xəbərini izləyirdi.
30 ilə yaxın bir müddətdə hər bir Azərbaycan vətəndaşının ər kimi üstünə hopmuş məğlubluq hissi sentyabrın 27-dən etibarən yox olmuşdu. Biz artıq öz haqqımız uğrunda haqq savaşımıza başlamışdıq. Biz 30 ilə yaxındır işğal altında olan müqəddəs torpaqlarımıza qarış-qarış geri qayıdırdıq. Bu geri qayıtmağın kluminasiya nöqtəsi bir gün arayla həm də final nöqtəsi oldu. Azərbaycan Respublikası Prezidentinin məhz Ali Baş Komandan geyimindəki Şuşa müjdəsinin sonundakı fikirləri xalqı küçələrə tökdü. “Əziz Şuşa, biz qayıtmışıq” nidasındakı sevinc və o anda ölkə başçısının kövrəldiyini və hətta sevincdən doluxsunduğunu yəqin ki, təkcə mən hiss etməmişəm. Bunu bütün Azərbaycan hiss etdi.
Zəfər yürüşümüz boyu xalq öz Prezidentini bir daha tanıdı, həm də laaap yaxından və ən incə məqamlarına kimi. Ulu öndərimiz, ümummilli liderin xaosdan çıxarıb inkişaf yollarına qədər gətirdiyi Azərbaycanın sabahını özü qədər inandığı varisinə tövsiyə etmişdi. 17 il əvvəl xalq da öz fikri ilə ulu öndərin tövsiyəsi ilə razılaşmışdı. Buna baxmayaraq mərkəzdəki insandan ən ucqar kənddəki insana kimi hər kəs öz Prezidentinin siyasi arenada bu illər ərzindəki fəaliyyətini tam mənası ilə bilmirdi. 43 günlük müharibə ərzində isə cənab İlham Əliyevin xalqa müraciətləri, həm də bəzən elə xalqın öz məişəti üslubundakı danışıq tərzi, bu müddət ərzində xarici təzyiqlərə qətiyyətlə sinə gərməsi, xüsusilə bir çox dünya KİV orqanlarına müsahibələrindəki siyasi hazırcavablılığı, təmkini, səmimi və tutarlı faktlarla verdiyi cavablar xalq-dövlət birliyinin yumruq kimi möhkəmlənməsində az rol oynamadı. Bu da nəticəsi. Biz qalib gəldik, biz işğal altında olan torpaqlarımızı geri qaytardıq. Biz artıq üzərinə məğlubluq hissi çökmüş vətəndaşlar deyil, biz dünyanın bütün xalqları qarşısında başı dik dayanan Azərbaycan vətəndaşlarıyıq.
Bu haqq savaşının qəhrəmanları isə öz canlarından keçməkdə tərəddüd etməyən, öz qanları ilə torpaqlarımızı yenidən vətən edən şəhidlərimizdir. O şəhidlər ki, onlar bizim qəlbimizdə, xalqımızın tarixində, sabahkı dərsliklərimizdə daim yad ediləcək, qürur duyulacaq, nümunə göstəriləcək insanlar oldular. Bir də bu haqq savaşımızdan müəyyən bədən xəsarətləri alaraq geri qayıdan, həmçinin bu gün də o torpaqlarda sevinclə üçrəngli bayraqlarmızı dalğalandıran qazilərimiz var ki, bu xalq var olduqca onların vətən sevdaları unudulmayacaq, yetişən gəncliyə nümunə göstəriləcəkdir.
Müharibənin birinci ayı tamam olan ərəflərdə Azərbaycan Respublikası Prezidentinin
rəsmi saytına ünvanladığım məktubda belə bir fikir yazmışdım: “Cənab Ali Baş Komandan! Atanız ulu öndər Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir. Azərbaycan xalqının onlarla Milli Qəhrəmanı var. Amma siz artıq Azərbaycan xalqının ÜMUMMİLLİ QƏHRƏMANINA çevrilmisiniz. Mən bir vətəndaş kimi bu günlərdə bizə yaşatdığınız sevincli günlərin nəticəsi olaraq Zəfər Günü xəbərini də bizə yaşadacağınıza inanarıram. Xalqımızın sizi Azərbaycan xalqının ÜMUMMİLLİ QƏHRƏMANI kimi öz ürəyinə həkk edəcəyinə və sizi ÜMUMMİLLİ QƏHRƏMAN adlandıracağına əminəm. O gün uzaqda deyil”. Bəli o gün çox da uzaqda deyildi. O gün artıq geridə qaldı. Və dünən – noyabrın ayının 10-da gecənin ilk saatlarında zəfər müjdənizlə bütün dünya azərbaycanlılarını sevinc göz yaşlarına boğdunuz. Bu göz yaşlarına dəyərdi. Bu göz yaşlarını uşaqlığı demək olar ki, olmayan, yeniyetməliyi məhrumiyyətlərlə keçən, gəncliyi yarım-yapalaq bir nəsil kimi tarixə qovuşan 40 yaşlı biri kimi etiraf etməkdən utanmıram. Qoy göz yaşlarımız elə bu cür sevinclərlə gözlərimizi doldursun.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı yerdə qalmadı. Qazilərimizə uzun ömür nəsib etsin. Yaralılarımıza tez bir zamanda sağalıb ayağa qalxmağı arzulayırıq. Bir də ki, Naxçıvandan Qarabağa – Xankəndinə, Şuşaya, Laçına, Kəlbəcərə, Xocalıya, Ağdama, Ağdərəyə, Xocavəndə, Füzuliyə, Zəngilana, Cəbrayıla, Qubadlıya onlarla dostumun, tələbə yoldaşımın evinə ziyarətə getmək arzularımız boy verib könlümüzdə. Bu arzularımızı da növbəti məzuniyyət dövrünə saxlayaq.
Sonuncu dəfə mən anadan olan il – 1980-ci ildə Şuşada olan babamın orada çəkdirdiyi şəkillərinə yenidən baxıb doya-doya ağlamaq istəyirəm. Və sadəcə istəmirəm, həm də elə doyunca ağlayıram.
Azərbaycan xalqı sizinlə fəxr edir, cənab Prezident!
Azərbaycan xalqı sizinlə fəxr edir, cənab Ali Baş Komandan.
Azərbaycan xalqı sizinlə fəxr edir, Azərbaycan xalqının ÜMUMMİLLİ QƏHRƏMANI!
Elxan YURDOĞLU,
AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist
Boyukmillet.com