Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanda narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir

Azərbaycanda narkotik vasitələrin məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydası dəyişir.

Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir.

Belə ki, məcəlləyə uyğun olaraq maddi sübutlar barədə məsələnin həlli cinayət təqibi üzrə icraat başa çatdıqda məhkəmənin yekun qərarı ilə həll edilir.

Təqdim edilən layihədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi isiqamətlərindən biri kimi cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddindən artıq olduqda, onların məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi təklif edilir.

Layihədə məcəllənin müvafiq maddələrinə təqdim edilən dəyişikliklər yuxarıda qeyd edilənlərin prosessual qaydalarını nəzərdə tutur.

Cinayət-Prosessual Məcəlləsinin 51-1.1-ci maddəsinə uyğun olaraq elektron qaydada cinayət mühakimə icraatı bu məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

Təklif edilən dəyişiklik dəqiqləşdirmə məqsədi daşıyır və həm məhkəmə icraatı, həm də ibtidai istintaq zamanı məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələrdə aparılan icraatın “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılmasını müəyyən edir.

Son dövrlərdə cinayət prosesini həyata keçirən digər orqanların da elektron informasiya sistemlərinin tətbiqi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, həmin orqanlara müraciət imkanlarının genişlənməsinə, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına xidmət edir. Dəyişiklik prosessual sənədlərin və digər materialların bu məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq məhkəmələrlə elektron qaydada mübadilə edilməsi üçün həmin orqanların elektron informasiya sistemlərinin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunmasını nəzərdə tutur.

Check Also

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı …