Təqsirləndirilən şəxslərdən biri keçmiş AŞPA üzvünü Azərbaycandan rüşvət almaqda ittiham edir
Yanvar ayında Münhen Ali Regional Məhkəməsində başlayan məhkəmə prosesi Almaniyanın məhkəmə tarixində bir ilkdir. Bundestaqın keçmiş deputatı ilk dəfə öz mandatının icrası zamanı rüşvətxorluq şübhəsinə görə cavab verməli olur.
Azərbaycandan rüşvət almaqla bağlı məhkəmə prosesində təqsirləndirilən şəxslərdən biri – Ellada M. ilk dəfə ifadə verib. Bu, ittiham olunan keçmiş deputat Aksel Fişer üçün problemə çevrilə bilər.
Ellada M. seçilmiş məmurların rüşvətxorluğuna köməklik etdiyinə görə Münhen Ali Regional Məhkəməsi qarşısında cavab verib.
Aprelin 17-də o, ilk dəfə olaraq məhkəmədə iddialara münasibət bildirib. Görünür, təqsirləndirilən şəxs, ümid edir ki, ifadəsi onun barəsində olan məhkəmə prosesinin dayandırılması ilə nəticələnəcək. Lakin o, ifadəsində keçmiş siyasətçi Aksel Fişeri ittiham edib.
Proses həmçinin Almaniya və digər Avropa ölkələrindəki xarici təsirlərə də işıq salır. Görünür, Azərbaycan Avropa Şurası Parlament Assambleyasında öz xeyrinə səslərə təsir etmək üçün külli miqdarda puldan istifadə etməyə çalışıb, – mənbə yazır.
Münhen Dövlət Prokurorluğu Fişerin 2011-2016-cı illər arasında Azərbaycandan ən azı 84 min avro nağd pul aldığını güman edir. Bununla belə, cinayətin qiymətləndirilməsi üçün yalnız onun 2016-cı ildə aldığı rüşvəti əsas götürüb. Fişer bütün ittihamları rədd edir.
Müstəntiqlərə görə, hazırda vəfat etmiş siyasətçi Karin Strenzin Azərbaycandan 150 min avro rüşvət aldığı bildirilir. Prokurorluq pulun müsadirə olunmasını istəyir.
İttiham aktına görə, Strenz işində parlamenti tərk etdikdən sonra Azərbaycanın lobbiçisinə çevrilmiş Bundestaqın keçmiş üzvü Eduard Lintner vasitəçi kimi çıxış edib. Bakıdan gələn vəsaitin bir hissəsi onun şirkəti vasitəsilə keçib və siyasətçi əlavə məbləğləri nağd şəkildə alıb. Lintner Münhendə seçilmiş məmurlara rüşvət verdiyinə görə mühakimə olunur. O da ittihamları rədd edir.
Ellada M. Lintnerlə 2006-cı ildə hələ parlament üzvü olanda tanış olub. Ona Bundestaq ofisində iş verir. Siyasəti tərk edərək “Alman-Azərbaycan Münasibətləri Cəmiyyəti” lobbi təşkilatını yaradanda işçisini də özü ilə aparıb.
Həm də rus, gürcü və türk dillərində danışdığı dil biliklərinə görə azərbaycanlılarla əlaqə saxlamaq ona həvalə olunub. Çünki lobbi təşkilatı Bakıdan maliyyələşir.
Vəkilinin məhkəmə zalında oxuduğu ifadədə deyilir: “Əgər Azərbaycan vaxtında ödəniş etməyibsə, məndən onlarla əlaqəyə keçməyi tələb ediblər”. Təqsirləndirilən şəxs maliyyə və ya hesab əməliyyatları ilə heç bir əlaqəsinin olmadığını vurğulayır.
Onun əlaqələri Elxan Süleymanov və Müslüm Məmmədovla olub, – Ellada M. məhkəmədə deyib. İki azərbaycanlı siyasətçi Avropa Şurasındakı korrupsiya qalmaqalının təşkilatçıları hesab olunur.
2015-ci ildə Berlində görüş zamanı Məmmədov Fişerlə oteldə görüşəcəyini və ona pul verəcəyini bildirib. Keçmiş deputatın indi ittiham olunduğu da məhz bu açıqlamadır.
İndiyə qədər Münhen Dövlət Prokurorluğu müəyyən edə bilib ki, mütəmadi olaraq Fişerin hesabına böyük məbləğdə nağd pul yatırıb. Xüsusən də Strasburqda Parlament Assambleyasının sessiyalarından qısa müddət sonra. Amma Fişer pulun Azərbaycandan gəldiyini inkar edir.
Və müttəhimin ifadəsindəki başqa bir cümlə Fişere qarşı icraat üçün əsas götürülüb: Ellada M. İfadəsində təsdiq edib ki, 2014-cü ilin fevralında o, Lintnerin adından Karin Strenzə çat mesajında yazıb ki, Strenz Fişerlə eyni ödənişləri almalıdır.
Bu ittihamlar məhkəmə zalında dinlənildikdə Fişer məhkəmə prosesində iştirak etməyib. O, artıq mart ayında xəstələnmişdi və nəticədə bir neçə günlük məhkəmə prosesi ləğv edilməli olub. O, bu cümə axşamı məhkəməyə gəlməli olsa da, vəkili onun Münhen səfərini səhhətinə görə ləğv etməli olduğunu bildirib.
Məhkəmə prosesini daha da uzatmamaq üçün məhkəmə Fişere qarşı icraatın ayrılması barədə qərar qəbul edib.
Bu arada Ellada M. onun işinə tezliklə xitam veriləcəyinə ümid edir. Məhkəmədə o, özünün heç bir rüşvət almadığını vurğulayıb. Strenzin ona yalnız bir dəfə 4000 avro verdiyini bildirib. Dediyinə görə, pul hədiyyə kağızına bükülmüş cüzdanda olub.