İyunun 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunda iştirak edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ilə görüşüb.
boyukmillet.com xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunun ölkəmizdə keçirilməsi barədə verilən qərara görə minnətdarlığını ifadə etdi və forumun nəticələrinin dövlət xidmətlərinin islahatları ilə bağlı proseslərə, bu istiqamətdə fikir və təcrübə mübadiləsinin aparılmasında iştirakçı ölkələrə faydalı olacağına ümid etdiyini bildirdi. Azərbaycanın BMT ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edən Mehriban Əliyeva Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkünə BMT tərəfindən göstərilən yardımı yüksək qiymətləndirdi. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə toxunan Birinci vitse-prezident ölkəmizin həm də bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğuladı və Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunun da uğurla keçəcəyinə əminliyini ifadə etdi.
Xoş sözlərə görə təşəkkür edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirdi. Bakıda dövlət xidmətləri ilə bağlı növbəti Forumun keçirildiyini deyən Liu Cenmin bu Forumda xeyli sayda nümayəndənin iştirakının önəmini qeyd etdi. Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyini bildirən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini bütün bu işlərin Azərbaycan Prezidentinin rəhbərliyi sayəsində mümkün olduğunu vurğuladı. Liu Cenmin BMT-nin təşkilata üzv 193 dövlətlə birgə 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədləri gündəliyinin icrası ilə məşğul olduğunu qeyd etdi və bu işdə dövlət xidmətlərinin səviyyəsinin təkmilləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirdi.