“Azərbaycanın inkişafı beynəlxalq aləmdə nümunə kimi dəyərləndirilir. Ölkəmizin dinamik inkişafı beynəlxalq aləm tərəfindən heyrətlə izlənilir. Ərazi bütövlüyünün təmin edilməsi, dünyanın böhran durumunda belə iqtisadi uğur göstəricilərinin artımı reallaşdırılan inkişaf kursuna böyük təkan verir. Hazırda yüksəliş və tərəqqinin Azərbaycan modeli dünyada qəbul olunur və bu modelin yaradıcısı Prezident İlham Əliyevin yürütdüyü kurs isə təqdir edilir”.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat bildirib ki, dövlət başçısının uğur strategiyasının əsas prioritetlərindən biri də idarəetmə və kadr sahəsində islahatların yüksək səviyyədə gerçəkləşdirilməsidir:
“Bir neçə il öncə islahatların anonsunu verən ölkə rəhbəri bəzi məmurların fəaliyyətlərindəki nöqsanları dilə gətirərək onlara sərt xəbərdarlıq etmişdi. Bu xəbərdarlıqdan dərs götürməyənlərin aqibəti isə artıq hər kəsə bəllidir. İslahatlara uyuşmayan, dövlətin reallaşdırdığı inkişaf kursuna xələl gətirən belə məmurların bəziləri yalnız işdən çıxarılmaqla canlarını qurtarmadı, onlar haqqında lazımi ölçü götürüldü. Bütün bu proses isə ictimaiyyət tərəfindən böyük razılıqla qarşılandı”.
R.Mahmudov bildirib ki, Prezident İlham Əliyevin inkişaf və islahat strategiyası yalnız korrupsioner məmurların cəzalanması ilə məhdudlaşmır:
“Buna paralel olaraq dövlət idarəetməsinə gənc, müasir düşüncəli, yüksək təhsilli kadrlar cəlb olunur. Həmçinin yeni təyin olunan kadrları dövlət başçısı özü şəxsən qəbul edərək, qarşıya qoyulan vəzifələri açıq şəkildə elan edir. Bu isə mövcud siyasi kursun aşkar şəkildə vətəndaşlara elan edilməsi baxımından xalq-hakimiyyət birliyinin ən yüksək nüminəsi sayıla bilər. Bu mənada Prezident İlham Əliyevin Masallı, Lerik və Göygöl rayon icra hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışı şübhəsiz ki, ictimiyyət tərəfindən maraqla qarşılanmaqla yanaşı, həm də məmnunluq doğurdu.
Dövlət başçısı çıxışında şəhid ailələri, müharibə əlilləri və qazilərin problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində olduğunu bildirərək, bu mühüm prosesin bundan sonra da uğurla davam etdirilməsinin zəruriliyinə toxundu. Ölkə rəhbəri qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən əvvəl və Vətən savaşından sonra şəhid ailələri və digər kateqoriyadan olan həssas qrup daim diqqət mərkəzindədir. Onlar dövlətin qayğıları ilə əhatə olunurlar və bu, davamlı xarakter daşımalıdır. Şübhəsiz ki, ölkəmiz bu istiqamətdə mühum tədbirlər həyata keçirir, onların sosial problemlərinə həssaslıqla yanaşılır, məişət çətinlikləri dövlətimiz tərəfindən həll olunur”.
Rəşad Mahmudov qeyd edib ki, bu gün ən ucqar bölgələrimizdə belə sosial-iqtisadi inkişaf proqramının müsbət təsiri hiss olunur:
“İşğaldan azad olunan ərazilərdə “ağıllı kənd” salınması gələcəkdə digər bölgələrin də ən yüksək inkişaf həddinə çatdırılması əminliyi yaradır. Bölgələrdə abadlıq- quruculuq işləri ilə yanaşı, insanların həyat şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır.
Azərbaycanın inkişafı dünya üçün bir nümunəyə çevrilib. Bu nümunənin şəriksiz müəllifi isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Azərbaycan öz lideri ilə layiq olduğu inkişaf zirvəsinə doğru uğurla irəliləyir”.