Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Yelena Çebanu Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.
Bu barədə Boyukmillet.com Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Yelena Çebanu (T13) 100 metr kateqoriyasında 12:16 saniyəlik nəticə göstərərək, final mərhələsinə vəsiqə qazanıb.
Atletika idman növü üzrə təmsilçisi Yuliya Yanovskaya da (T13) 100 metr kateqoriyasında 12:41 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.
Eyni zamanda atletika idman növü üzrə təmsilçimiz Lamiyə Vəliyeva da (T13) 100 metr kateqoriyasında 12:09 saniyəlik nəticə göstərərək, final mərhələsinə vəsiqə qazanıb.
Güllə atıcılığı idman növü üzrə təmsilçimiz Yelena Taranova (P12 – 10 metr) təsnifat mərhələsində mübarizəni dayandırıb.
Finalda idmançılarımız ilə yanaşı, Cohanna Pretorius (Cənubi Afrika Respublikası), Kim Krosbi (ABŞ), Adiaratu İglesias Forneiro (İspaniya), Rayan Sares da Silva (Braziliya) və Leyla Acametova (Ukrayna) birincilik uğrunda yarışacaqlar. Yarışın final mərhələsi bü gün Bakı vaxtı ilə saat 14:57-də start götürəcək.
Bu gün 6 paralimpiyamız Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparır. Bunların ikisi güllə atıcısı, biri üzgüçü, üçü isə atletdir.
Hazırda aktivində 9 qızıl və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.
Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.
Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Hazırda Azərbaycan medal qazanan 78 ölkə arasında 10-cu pillədə yer alıb.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 35 idmançı təmsil edəcək. Atletlərimizin 23-ü kişi və 12-si qadındır.
Qeyd edək ki, XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.