Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanlı tələbələr: Zəlzələ bölgəsindən təxliyəmizə kömək edən Prezidentimizə minnətdarıq

Türkiyənin zəlzələ baş verən bölgələrindən təxliyə edilən 102 azərbaycanlı tələbə və bir uşaq yanvarın 26-da səhər saatlarından etibarən 3 avtobusla Naxçıvana gətirilib.

Boyukmillet.com xəbər verir ki, vətəndaşlarımız Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanıb və 15:30-da təyyarə ilə Naxçıvandan Bakıya yola salınıb.

Təxliyə olunanlardan Malatyada təhsil alan Fuad Həsənov bildirib ki, zəlzələdən sonra digərləri kimi, o da yaşadığı yeri tərk edib. Azərbaycana qayıtmaq istəsə də buna maddi imkanı olmayıb. Lakin sonradan Türkiyədəki səfirliyimizdən tələbələrə zəng edilərək bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, onlar heç bir vəsait ödəmədən avtobuslarla Naxçıvana aparılacaq, buradan isə Bakıya yola salınacaqlar. O deyib: “Bizim tələbələrimiz arasında pasportları itən və ya dağıntılar altında qalanları da olub. Oradakı konsolluğumuz bunu nəzərə alıb və həmin tələbələr lazımi sənədlərlə təmin ediliblər. Bizə bu şəraiti yaradan, bizi xilas edən Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm”.

Malatyada təhsil alan digər tələbə Mələkxanım Alıyeva da dövlətimizin başçısına minnətdarlığını bildirib. Qeyd edib ki, zəlzələdən sonra hər kəs binalardan uzaq yerlərdə qalmağa üstünlük verib. Havaların şaxtalı keçməsi insanların çətinlik çəkməsinə yol açıb. Türkiyə dövləti və xalqı fəlakətdən zərər çəkənlərə hər cür dəstəyi göstərir. O, Azərbaycan Prezidentinin ölkə vətəndaşlarının, o cümlədən tələbələrin təxliyə edilməsi barədə göstərişini sevinclə qarşıladığını vurğulayıb. Bunun dövlətimizin vətəndaşlarına verdiyi yüksək dəyərin ifadəsi olduğunu qeyd edib.

Mələkxanım Alıyeva deyib: “Dövlətimizin öz vətəndaşlarını himayəyə götürərək fəlakət bölgəsindən uzaqlaşdırması Azərbaycan Prezidentinin insanlarımıza verdiyi dəyər kimi həmişə yaddaşımızda qalacaq”.

İnönü Universitetinin tələbəsi İlham Məmmədov da tələbə yoldaşlarının fikirləri ilə tam razı olduğunu vurğulayaraq qeyd edib ki, zəlzələ hər kəs kimi onu da qorxudub. O deyib: “Belə vəziyyətlərdə insan nə edəcəyini, hara gedəcəyini bilmir. Çünki qorxu, həyəcan buna imkan vermir. Məhz belə bir vəziyyətdə Prezidentimizin bizi unutmaması, bizim təxliyə olunmamız barədə göstəriş verməsi bizə, sanki, yenidən həyat bəxş etmiş oldu. Səmimiyyətlə minnətdarlığımı bildirirəm. Dövlətimiz var olsun!”

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …