Çərşənbə axşamı , 2 İyul 2024
Drone Cameras

Azərbaycan PA-nın Avropa diasporu qarşısında qoyduğu yeni vəzifələr necə icra olunur…

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Amsterdamda keçirilən Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayındakı çıxışında diasporumuzun qarşısında duran mühüm vəzifələri sadalayıb.
Əli Həsənov 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan edilməsini xatırladaraq, bununla əlaqədar Azərbaycan diasporunun qarşısında duran əsas vəzifələr üzərində ətraflı dayanıb. O qeyd edib ki, yüz il bundan əvvəl İslam və Türk dünyasında ilk demokratik cumhuriyyətin elan edilməsi, həmçinin, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası XX yüzillikdə Azərbaycan xalqının ən böyük nailiyyətləri olub. Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi və siyasi cəhətdən möhkəmlənib, sosial sahədə böyük uğurlar qazanıb və bu gün Prezident İlham Əliyev ümummilli liderin siyasətini uğurla davam etdirir. Bu uğurun başlıca şərti ümummilli birliyə nail olmağımız, Azərbaycan cəmiyyətinin dövlətçilik və azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsidir.
Prezidentin köməkçisi vurğulayıb ki, ümumxalq dəstəyi və birlik olmasa, heç bir dövlətin ömrü uzun ola bilməz. Bu gün Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutması faktı Azərbaycan iqtidarının indiki fəaliyyət kursunun xalq tərəfindən tamamilə dəstəklənməsinə parlaq sübutdur.
Əli Həsənov deyib: “Yubiley ili olan 2018-ci ildə Azərbaycan diasporuna məsul bir vəzifə – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri və mahiyyəti barədə dünya ictimaiyyətini daha da məlumatlandırmaq, habelə erməni lobbisinin fəaliyyətini neytrallaşdırmaq vəzifəsi həvalə edilib”. Prezidentin köməkçisi xatırladıb ki, daşnaklar 100 il bundan əvvəl də Azərbaycan xalqına qarşı soyqırımı törədiblər. O deyib: “Bu elə bir mövzudur ki, diaspor heç bir halda ona diqqəti azaltmamalıdır”.
Əli Həsənov çıxışının sonunda bu gün xüsusən Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı, həmçinin, Azərbaycanın dinamik inkişafı, sosial-iqtisadi sahədə uğurları və xarici siyasətdə nailiyyətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsində media işçiləri qarşısında duran vəzifələrə də toxunub.

Göründüyü kimi, Prezidentin köməkçisi Azərbaycan diasporunun qarşısına qoyulan vəzifələrin nədən ibarət olduğunu qısa tezis formasında çatdırıb. Bu vəzifələrin yerinə yetirilməsi üçün diaspor təşkilatlarımız nə etməlidirlər?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə  bildirib ki , cənab Əli Həsənovun Amstredamdakı çıxışı diasporumuz üçün bir yol xəritəsi rolunu oynayacaq: “Bu il diaspor təşkilatlarımızın qarşısına elə də çətin vəzifələr qoyulmur. Onsuz da bizim xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın başlıca işi məhz Əli müəllimin dediyi aspektlərdə olub. Çünki bu, Azərbaycanın qarşısında duran ən qlobal problemdir. Bəli, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, həm də erməni təşkilatlarının bu yöndə fəaliyyətini neytrallaşdırmalıyıq. Doğrudan da bu il Azərbaycan üçün həm də cumhuriyyətin birəsrlik tarixinin qeyd olunması baxımından önəmlidir. Bütün bu işlərin kompleks görülməsi, diaspor təşkilatlarımızın koordinasiyalı fəaliyyətinə ehtiyac var. Bu sektorla yaxından tanış olan şəxs kimi bəzi fikirləri də bildirməyi özümə borc sayıram. Müəyyən olunan proqramın həyata keçirilməsi elə də çətin deyil. Ancaq etiraf etməliyik ki, xaricdəki diaspor təşkilatlarımızın arasında yaranan bəzi soyuqluqlar ümumi işə maneçilik törədir. Təəssüf ki, bizim xaricdə olan bəzi diaspor təşkilatlarımız orada da iqtidar-müxalifət düşərgəsinə bölünürlər. Bundan başqa, bəzi qurumlar arasında olan liderlik iddiası onları ümumi düşmənlə deyil, bir-birilə mübarizə aparmağa vadar edir. Qarşıya qoyulan hədəfə çatmaq üçün ilk növbədə diaspor təşkilatlarımız arasındakı intriqaların aradan götürülməsinə nail olmalıyıq. Qalan hissələrlə bağlı bizdə heç bir problem yoxdur. Çünki siyasi mövqeyindən asılı olmayaraq, elə bir diaspor fəalı tanımıram ki, bu savaşda ermənilərə haqq qazandırsın. Bizim diasporumuzda bu mövqedə olan adamın bir adı ola bilər, o da xain. Əminəm ki, diasporumuz bəzi xırda çatışmazlıqları həll etməklə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək”. (Məhəmmədəli Qəribli, Azinform.az)

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir