Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də Polşanın xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Report” xəbər verir ki, Prezident İlham Əliyev Polşaya builki səfərini məmnunluqla xatırlayaraq bu səfərin uğurla keçdiyini və yaxşı nəticələr verdiyini vurğulayıb.
Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın və əldə edilmiş uğurların siyasi, iqtisadi, qarşılıqlı ticarət, investisiya, enerji, nəqliyyat sahələrində daha da genişləndirilməsinin önəmini qeyd edib və bildirib ki, Azərbaycan bu istiqamətdə fəal iş aparır.
Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Proqramına üzv dövlətlərə eyni münasibət göstərilməsinin vacibliyini vurğulayıb.
Polşanın xarici işlər naziri Vitold Vaşçikovski Polşa Prezidenti Andjey Dudanın salamlarını dövlət başçısına çatdırıb. Vitold Vaşçikovski Prezident İlham Əliyevin Polşaya səfərini məmnunluqla xatırlayaraq bu səfərin əlaqələrimizin möhkəmləndirilməsi baxımından böyük önəm daşıdığını qeyd edib. Polşanın xarici işlər naziri bildirib ki, ölkəsi Azərbaycan ilə əlaqələri genişləndirmək və inkişaf etdirmək niyyətindədir. Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa toxunan Vitold Vaşçikovski Avropa İttifaqının xarici siyasətində bu istiqamətin xüsusi əhəmiyyət daşıdığını qeyd edib və Avropa İttifaqının əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, Ermənistan tərəfinin danışıqlar prosesini uzatmağa meyilli olduğu qeyd edilib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin və nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın əhəmiyyətli rolu vurğulanıb.
Dövlət başçısı Polşa Prezidenti Andjey Dudanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Polşa Prezidentinə çatdırmağı xahiş edib.
*** 10:48
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də Polşanın xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Report” xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.