Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Azərbaycan Prezidenti: Sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik

Sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Prezident İlham Əliyev deyib: “Baramaçılıqla bağlı. Burada da tarixə ekskurs etməyə ehtiyac var. 1970-ci ildə Azərbaycanda barama istehsalı 3700 ton səviyyəsində idi. Cəmi 10 il ərzində Heydər Əliyevin rəhbərliyi altında bu rəqəm 5 min tona çatmışdı. İndi “Şəki İpək” Səhmdar Cəmiyyətinin rəhbəri burada çıxış etdi. Görürəm ki, təcrübəli adamdır, sovet vaxtında da işləyib. Yaxşı bilir ki, o vaxt minlərlə insan “Şəki-İpək”də işləyib. Ondan sonra kombinat demək olar ki, bağlanmışdı. İndi bərpa etmişik, məlumat verildi ki, orada 600 nəfər işləyir. Amma, əlbəttə ki, potensial daha da böyükdür. Əfsuslar olsun ki, 1991-ci ildən sonra barama istehsalı kəskin şəkildə aşağı düşmüşdür. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir. Operativ tədbirlər nəticəsində biz 2 il ərzində bu rəqəmi 244 tona çatdırmışıq və bu, hələ başlanğıcdır.

Azərbaycanda 30 rayonda barama istehsal olunur. Mən birinci 10 rayonun adını çəkmək istəyirəm, ictimaiyyət də bilsin ki, harada nə qədər barama tədarük edilir. Birinci yerdə Zərdab rayonudur – 27 ton. Ondan sonra Füzuli 24, Zaqatala 21, Şəki 18, Ağcabədi təxminən 17, Ağdam 13, Bərdə 12,5, Qax 12,5, Kürdəmir 11,5, Balakən 11 ton. Yəni, burada da artım, əlbəttə ki, çox sürətlidir və potensial daha da böyükdür. Çünki 30 rayonda baramanı yetişdirmək mümkündür. Dövlət hər şeyi öz üzərinə götürüb. Kümçülərə materiallar, subsidiyalar verilir, “Şəki İpək” bütün baramanı qəbul edir. Ona görə də əminəm ki, baramaçılığın inkişafında çox ciddi artım olacaqdır. Hazırda 3 min kümçü ailəsi baramaçılıqla məşğuldur.

Gələcək planlarımıza gəldikdə, real artım tempi göstərir ki, gələn il 500 ton barama tədarük edilə bilər. Əkilən və əkiləcək ağacları nəzərə alsaq, biz 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa bilərik. Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik. Beləliklə, sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik. Real imkanlar var. Kütləvi şəkildə ağaclar əkilir. Bizdə iki il bundan əvvəl təqribən 300 mindən bir qədər çox tut ağacı var idi. Son 1-2 il ərzində isə onların sayı 2 milyon 200 minə çatdı. Bütün tinglər dövlət tərəfindən alınır, özü də xaricdən, valyuta ödənilir, baramaqurdu toxumları da gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alıbdır. Dövlət yenə də əsas yükü öz üzərinə götürür və tapşırıq verilmişdir ki, gələn dörd il ərzində əlavə 8 milyon tut tingi əkilsin. İndi bizim 2 milyon 200 min ağacımız var, 8 milyon əlavə əkiləcək. Beləliklə, 10 milyon tut ağacımız olacaqdır. Bu işi Ekologiya və Təbii Sərvətlər Nazirliyi görəcək. Bütün aidiyyəti qurumlar da bu işlərə qoşulsunlar. Eyni zamanda, mən məsləhət görürəm ki, kəndlilər, fermerlər də fərdi qaydada tut ağacları əksinlər ki, istehsal daha da artsın. Beləliklə, Azərbaycanda baramaçılıq kütləvi xarakter alacaqdır. Əgər hazırda 700-dən çox kənddə baramaçılıqla məşğul olurlarsa, bu, onu göstərir ki, bu sahəyə çox böyük maraq var. Bu, çox sevindirici haldır.

Baramaçılığın inkişafı üçün bu il əlavə tədbirlər görülmüşdür. Vaxtilə burada, Qax rayonunda damazlıq stansiyası fəaliyyət göstərirdi. Onun indiki şəkillərini kənd təsərrüfatı naziri mənə göstərmişdir, çox bərbad vəziyyətdədir. Ona görə, göstəriş verildi, vəsait də ayrıldı. Prezidentin ehtiyat fondundan 4,5 milyon manat ayrıldı ki, tezliklə Qax Damazlıq İpəkçilik Stansiyası yenidən qurulsun, ən yüksək avadanlıqla təchiz edilsin və biz artıq xarici bazarlardan asılılığımızı azaldaq, aradan götürək. Bizə lazım olan bütün materiallar artıq Azərbaycanda yetişdiriləcək və bu sahəni müstəqil şəkildə inkişaf etdirmək üçün bizdə yaxşı imkanlar olacaqdır.

Burada qəbul məntəqələri haqqında məsələ qaldırıldı. Tütünçülükdə olduğu kimi, baramaçılıqda da bütün qəbul məntəqələri tezliklə yaradılmalıdır. Qoy, təkliflər versinlər, dövlət bunu öz üzərinə götürməyə hazırdır, hesablasınlar nə qədər vəsait, investisiya lazımdır, başqa hansı işlər görülməlidir. Hesab edirəm ki, bu il və gələn il bütün bölgələrdə qəbul məntəqələri yaradılmalıdır”.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir