Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi işğaldan azad olunan torpaqlara səfər edib.
Boyukmillet.com xəbər verir ki, qurumun prezidenti Mahir Məmmədov və 1-ci vitse-prezidenti Faiq Həsənov mədəniyyət paytaxtı Şuşa şəhərində olub.
Səfərdə əsas məqsəd yaxın gələcəkdə həmin ərazilərdə şahmat üzrə beynəlxalq turnirin keçirilməsi üçün mövcud şəraitlə tanışlıqdır.
Səfərlə bağlı təəssüratlarını bölüşən M.Məmmədov bunları söyləyib: “Təsəvvür etməzdim ki, Şuşaya səfər edəcəyik. Bu gün rahat şəkildə Şuşaya gəldiyimizə görə müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür etmək istəyirəm. Tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad etdik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərə şəfa versin”.
FIDE-nin vitse-prezidenti bildirib ki, bir günlük səfər zamanı mövcud şəraitlə tanış olublar: “Gənclər və idman naziri Fərid Qayıbovla mütəmadi olaraq əlaqədəyik. Nazirliklə məsləhətləşmələr davam edir. Yaxın müddətdə səfalı torpaqlarımızda şahmat üzrə turnirin keçirilməsi müzakirə edilir. Yarışın tarixi və digər məlumatlar dəqiqləşəndən sonra ictimayyətə məlumat veriləcək”.