Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib

24 iyul 2020-ci ildə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ABŞ, Belçika, Böyük Britaniya, Fransa və İsveçin ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbərlərinə məktub ünvanlayaraq Ermənistanın 12 iyul 2020-ci ildən etibarən Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar və yuxarıda adı sadalanan 5 ölkədə yaşayan Azərbaycan diasporu nümayəndələrinin Ermənistanın təcavüzünə qarşı təşkil etdikləri dinc nümayişlərə erməni millətçiləri tərəfindən edilən hücumlar və zorakılıq faktları barədə məlumatlandırıb və bu zorakılğı nümayiş etdirən fotoşəkilləri onlara təqdim edib.Azay Quliyev erməni diasporu üzvlərinin təşkilatlanmış qaydada Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin inzibati binalarına qarşı törətdikləri vandalizm faktlarını, eləcə də diplomatik missiya nümayəndələrinə hücumlar və dinc etiraz aksiyaları keçirən azərbaycanlılara qarşı fiziki güc tətbiq etdiklərini və onlara bədən xəsarəti yetirdiklərini nümayəndə heyətlərinin rəhbərlərinin diqqətinə çatdıraraq bu cür nifrət, təcavüz və zorakılıq cinayətlərinin yolverilməzliyini və onların yerli qanunvericilik, beynəlxalq hüquqla qadağan edildiyini və ATƏT-in müvafiq prinsipləri ilə tam ziddiyyət təşkil etdiyini bildirib.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri xarici həmkarlarından Azərbaycanlılara qarşı açıq cinayət törətmiş ermənilərin qanun qarşısında cavab vermələri məsələsini nəzarətdə saxlamağı xahiş edib və analoji cinayətlərin təkrarlanmasına yol verməmək istiqamətində parlament səviyyəsində də səylərin göstərilməsinin vacibliyini nümayəndə heyətləri rəhbərlərinin diqqətinə çatdırıb.

Azay Quliyev ATƏT PA-nın ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəallığının artırılması baxımından bütün imkanlarının səfərbər olunmasının əhəmiyyətini xatırladaraq Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsipi, 1975-ci il Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində həlli istiqamətində Minsk Qrupu həmsədrlərinin daha fəal olmağa çağırıb.

Nümayəndə heyətlərinə göndərilən məktubların surəti ATƏT PA-nın prezidenti Georgi Sereteli və Baş katibi Roberto Montellaya da təqdim olunub.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …