Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi koordinatoru qismində müşahidə edəcək. Boyukmillet.com xəbər verir ki, Azay Quliyev bu məqsədlə oktyabrın 10-da Qırğızıstana səfər edəcək.
Azay Quliyev bu ilin avqustun 9-da ATƏT-in sədri və Avstriya Respublikasının xarici işlər naziri Sebastian Kurz tərəfindən 15 oktyabrda Qırğızıstanda keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in seçki missiyasının xüsusi koordinatoru vəzifəsinə təyin edilib. O, xüsusi koordinator kimi Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını, Avropa Parlamentini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 400-dən artıq beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirəcək.
ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev səsvermə gününə kimi Qırğızıstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olacaq.
Oktyabrın 15-də isə deputatımız seçki məntəqələrində səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.
Oktyabrın 16-da ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev prezident seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayacaq və jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, səfər oktyabr ayının 17-i yekunlaşacaq.