Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində və bitkilərin kultivasiyasında şübhəli bilinən 3 nəfər müəyyən edilərək istintaqa cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Əfsanə Quliyeva və Rəşad Mahmudov saxlanılıb.
Ə.Quliyevanın yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda heroin və metamfetamin, R.Mahmudovun evindən isə 16 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Bundan başqa, keçirilmiş tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən Şamil Yusibov da saxlanılıb. Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilərkən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 26 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.