Cümə , 3 May 2024
Drone Cameras

Bakı-İrəvan birgə açıqlaması – sülhə doğru addım

“Qonşun pisdir köç qurtar” deyimi dövlətlərə şamil edilmir. Odur ki, dövlətlərin mehriban yanaşı yaşaması aksiomdur. Bu dəyişməz prinsipə qarşı çıxmaq isə müharibə, münaqişə, sonu bilinməyən müzakirələr, qarşıdurma və başqa bu kimi halların yaranmasına səbəb olur. Bunlar həm də aksiomu isbatlamaq istəyi kimi yersiz bir cəhddir.

30 ildən çox Ermənistanda bir qism qüvvələr və onların havadarları Azərbaycanla yanaşı yaşamaq üçün vacib olan prinsipə qarşı çıxıblar. Ancaq son hadisələr bu cəhdlərin reallaşmasının artıq mümkünsüzlüyünü təsdiqləyir. Aksiom isbata ehtiyacı olmayan fikir, düşüncə, prinsipdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı dekabrın 7-də birgə açıqlama yayıb: “Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir”.

Açıqlamada Azərbaycan və Ermənistan qarşılıqlı olaraq ərazisində saxladığı hərbçilərin azad edilməsi vurğulanıb. Rəsmi İrəvan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini, rəsmi Bakı isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədiyini bildirib.

Hərbçilərin sərbəst buraxılması, iqlim dəyişmələri üzrə razılaşma humanitar məsələlərdən sayılır. Bu, tərəflərin humanitar sahələri prioritet saydıqlarının göstəricisi kimi də qəbul oluna bilər.

Müharibə və 30 illik işğal dövründən ən çox əziyyəti adi insanlar çəkib. Özlərini daha çox, daha böyük və xilaskar sayan erməni etnik qrupunun nümayəndələrinin Azərbaycan torpaqlarında törətdikləri insanlığa zidd hərəkətlər qarşıdurmanın üz qarası və tarixin silinməz ləkəsidir. Tərəflərin açıqlamasında humanitar məsələnin vurğulanması atılacaq mümkün real addımdır. Bu, Azərbaycan və Ermənistan arasında etimad və etibar mühitinin formalaşması üçün şərait yaradar.

Rəsmi Bakı ilə İrəvan arasında indiyə qədər bu səviyyədə ikitərəfli sənəd qəbul edilməyib. Bu sənəd həm də real addımların atılması ilə də özünəməxsusdur. Azərbaycan və Ermənistanın konkret fəaliyyətlə bağlı birgə açıqlama yayması həm də milli dövlətçilik tarixində ilk hadisə sayılır. Konkret addımların atılmasına dair ilk sənəd 2020-ci il noyabrın 10-da Rusiyanın iştirakı ilə qəbul edilib. O sənədin real nəticələri artıq var.

Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istəyənlər çox olub. 2020 və 2023-cü ilin sentyabr hadisələri həmin mənasız vasitəçilərə yerini göstərdi. Həmin proses sülh danışıqları, sərhədlərin müyyənləşməsi kimi ikitərəfli münasibətləri qurulmasına da təkan verdi.

Həmin hadisələr beynəlxalq ictimaiyyətə bir daha çatdırmaqla ermənilərin əsassız iddialarını dəstəkləyənləri, Azərbaycan və Türkiyə ilə düşmənliyini körükləyənləri yerində otuzdurdu. Rəsmi İrəvan reallığı və həqiqəti Ermənistan cəmiyyətinə çatdırmaqla onlara təlqin edilən yalanları, xülyaları alt-üst etdi.

Özlərini ermənilərə canıyanan kimi göstərənlərin iç üzü göründü. Maskaları yırtıldı. Onlar indi də meydan və səhnədədir. Azərbaycanla Ermənistan arasında vasitəçiik etmək üçün vurnuxurlar. Yazı hazır olanda birgə bəyanatın yayılmasından 12saatdan çox keçmişdi. Ancaq həmin araqarışdıranlar sənədə münasibət bildirməmişdi. Görünür, onlar yeni iğtişaşa yaratmaq məqsədi ilə uyğun ifadələr tapmaqda çətinlik çəkir.

Bu açıqlamanın imzalanmasında ABŞ-nin rolu danılmazdır. Rəsmi Vaşinqton özünü tərəflər arasında münasibətlərin qurulmasını daha çox istəyən oyunçu olaraq göstərdi. Birgə açıqlama rəsmi Bakı ilə İrəvanın birbaşa danışıqlar aparmaq gücündə olduğunu da nümayiş etdirib. Odur ki, bunu tərəflərin siyasi iradəsi də saymaq olar.

Məlum sənəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, normallaşma prosesinin başa çatması istiqamətində atılan addım da ola bilər.

Belə real humanist fəaliyyət tərəfləri bir-birinə yaxınlaşdırar. Sülh ən böyük humanizmdir. O, insanlar yaxınlaşması, köçməsi mümkün olmayan dövlətlərin mehriban qonşu kimi yaşaması, əməkdaşlığı üçün barış vacib şərtdir. Odur ki, Azərbaycanla Ermənistan arasında sülh bağlanması çox yaxındır. Bunun üçün bir neçə addım atılmasına ehtiyac var. Birgə açıqlama da bu addımlar doğru fəaliyyətdir. Bir mahnıda deyildi kimi “Qoy, həmişə Günəş olsun, Qoy həmişə sülh olsun!”…

Check Also

Ermənistanda “avanqard müxalifət” boşluğu – Paşinyan cəmiyyəti necə “oyadacaq?”

Ermənistanın siyasi həyatında müxalifət “qıtlığı” özünü daha qabarıq formada göstərməkdədir. Bu da səbəbsiz deyil – …