“Hazırda paytaxt Bakıda istismar müddətini başa vurmuş 11 minə yaxın yaşayış binası var. Bu binaların 100-dən çoxu qəzalı vəziyyətdədir. Bunlar, 4, 5 və 9 mərtəbəli binalardır. Bir çox binalar10-15 ildir ki, istismar müddətini başa vurub. Düşünürəm ki, bu gün köhnə binaların monitorinqi aparılsa, bu say daha da yüksək olacaq. Hazırda ən təhlükəli məqam bu cür binalarla bağlıdır. Əgər təbii fəlakət baş verərsə, bu binalarda insan təlafatı qaçılmaz olacaq”.
Boyukmillet.com xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert qeyd edib ki, bəzi ərazilərdəki köhnə binaların zirzəmiləri demək olar ki, çirkab suları ilə doludur:
“Zirzəminin dolması binanın bünövrəsinin yumşalmasına, orada bərkidilmiş konstruksiyaların əriyib yox olmasına gətirib çıxarır. Eyni zamanda artırmalar, konstruksiya dəyişiklikləri də binanları qəzalı vəziyyətə gətirib çıxarır. Paytaxtda elə köhnə binalar da var ki, zirzəmiləri qazılıb, hətta binanın bünövrəsini ötüb keçib, əlavə qapılar və pəncərələr açılıb, qeyri-yaşayış obyektinə çevrilib. Bu da təbii ki, binanın təməlinin dağılmasına gətirib çıxarır. Eyni zamanda yol kənarında olan binaların birinci mərtəbələri sökülərək, qeyri-yaşayış obyektlərinə çevrilir. Bu zaman ana divarın təməl hissələrinin sökülməsi yük daşıyıcı hissələrin boşalmasına gətirib çıxarır. Bu binalar 2000-ci ilin zəlzələsindən salamat çıxsa da, aradan 23 il vaxt keçib. 23 il binaların köhnəlməsi üçün yetərli müddətdir. Bu müddət ərzində həmin binaların əksəriyyətində çox ciddi konstruktiv dəyişikliklər baş verib”.
Ekspert bildirib ki, Türkiyədə baş verənlərdən nəticə çıxarmalıyıq:
“Zəlzələ, yaxud təbii fəlakət zamanı binaların uçub dağılmaması üçün ilk növbədə həmin qəzalı binalarda indidən tikinti-bərpa, bərkitmə işləri aparılmalıdır. İstismar müddəti ötən binalar sökülənə qədər onları hansısa formada qoruyub saxlamaq lazımdır. Çünki orada insan yaşayır”.
Elnur Fərzəliyevin sözlərinə görə, Bakıda zəlzələ baş versə, qardaş ölkədə baş verən fəsadlar olmayacaq. Türkiyədəki zəlzələdən də aydın görünür ki, yeni binaların keyfiyyəti çox aşağı səviyyədədir. İnşa zamanı müvafiq tikinti qaydalarına əməl olunmayıb:
“Əksər binalarda heç armatur görünmür. Binalar elə çökür ki, sanki torpaqdan, gildən tikilib. Beton sütunlar yoxdur. Bizim binalar arasında əmsal qorunmur, amma tikintidə istifadə olunan armatur, beton qaydasındadır. Tikinti zamanı aidiyyəti qurumlar mərhələli şəkildə yoxlama aparır. Əvvəlcə binanın bünövrəsi qazılanda onu yoxlayırlar. Əgər standartlar tikilən binanın hündürlüyə uyğundursa, icazə verilir, hər mərtəbədə binaya beton tökülən zaman betonun, armaturun tərkibinin standartlara uyğun olub-olmadığı yoxlanılır. Əgər standartlara cavab verirsə, tikintiyə icazə verilir. Bu baxımdan hesab edirəm ki, bizdə problem əsasən, köhnə binalarla ilə bağlıdır”.