Həbs olunan şəxs: “İstəyirdim, səfir mənə Amerikaya getməyə kömək eləsin”
Lənkəran sakini H.Kazımov artıq ikinci dəfədir ki, Amerikanın Bakıdakı səfirliyinə daxil olmağa cəhd edərkən saxlanılır.
Birinci dəfə bu hadisə noyabrda baş verib, ikinci dəfə isə bu günlərdə həbs edilib.
45 yaşlı şəxs buna görə yanvarın 18-də səfirliyin qarşısında saxlanılaraq, Nəsimi rayonu, 21-ci Polis Bölməsinə, oradan da məhkəməyə gətirilib.
Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə protokol tərtib edilib.
O, səfirlik ərazisinə qanunsuz daxil olmağa cəhd zamanı intizama dəvət edən polislərin tələblərinə əməl etməməkdə, səs-küy salıb, nalayiq ifadələr işlətməkdə ittiham olunur.
“İstəyirdim ki, səfir mənə Amerikaya getməyə kömək eləsin. Səfirliyə də ona görə getmişdim”, – o, məhkəmədə bildirib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verilib.
Hazırda Binəqədidə inzibati həbsdə olanların saxlandığı təcridxanada cəza çəkir.
Kazımova ötən il noyabrın 15-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə də 15 sutka inzibati həbs verilmişdi.
Onda da bildirmişdi ki, ABŞ-a getmək üçün viza almaq istəyib.
Bu məqsədlə Amerikanın Bakıdakı səfriliyinə gəlib. Səfirliyin qarşısında polislər onu saxlayıb, Binəqədi rayonu, 7-ci polis bölməsinə gətiriblər.
Orada isə haqqında tərtib edilən protokolda başqa ərazidə küçədə telefonla danışarkən söyüş söydüyünə görə saxlandığı yazılıb.
Bu inzibati həbsindən əvvəl isə quru sərhədlər bağlı olduğundan, gizli yolla İrana keçməyə cəhd göstərdiyinə görə tutulub.
O, 2024-cü ildə Astara Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 29.318.1 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsilə təqsirli bilinib və 5 ay azadlıqdan məhrum edilib.