Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bakıda məktəbdə Zəfər Dəhlizi yaradılıb

Bakıda yerləşən Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə “Zəfər Dəhlizi”nin açılış mərasimi olub.

Boyukmillet.com xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları Vüqar İsgəndərov, Ramil Həsən, Elşən Musayev, Nigar Arpadarai, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorun müdiri Sevinc Rəsulova, Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, Səbail rayon Gənclər və idman idarəsinin rəisi əvəzi Elnarə Əliyeva və məktəb rəhbərliyi iştirak ediblər.

Çıxışçılar Vətən müharibəsi zamanı Azərbaycanın şanlı qələbəsindən söz açıb və xatırladılıb ki, uzun illər işğal altında olan Azərbaycan torpaqları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad olunub.

Qeyd olunub ki, rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq dünyanın hərb tarixinə düşüb.

Hazırda azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirildiyini xatırladan çıxışçılar bildirib ki, proses sürətlə davam etdirilir.

Məktəbin direktor səlahiyyətlərini icra edən Könül Təhməzova “Zəfər Dəhlizi”nin mahiyyətindən danışıb. Onun sözlərinə görə, dəhlizin açılışı Şuşa ilinə həsr olunub: “Dəhlizdə əsasən şagirdlərin əl işləri yer alıb. Həmçinin 44 günlük Vətən müharibəsinin məlumatlarını özündə əks etdirən lövhələrdə QR kod yerləşdirilib. Həmin QR kodlar vasitəsilə məlumatlarla elektron formada tanış olmaq mümkündür”.

Tədbirdə qeyd olunub ki, “Zəfər dəhlizi” Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi məqsədi ilə məktəbdə görülən işlər çərçivəsində yaradılıb.

K.Təhməzova “Zəfər dəhlizi”nin yaradılmasında göstərdiyi dəstəyə görə məktəbin şagirdi Həsən Allahverdiyevin atası, Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdiliyə təşəkkür edib.

Tədbirin davamında məktəblilər şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Check Also

Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur. Boyukmillet.com xəbər verir ki, bu …