Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş Ənənəvi Futbol Turniri başlayır

Oktyabrın 9-da şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunmuş həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirinə start veriləcək.

Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar təşkil olunan tədbirdə yarış barədə məlumat verilib, qaydalar elan olunub və püşkatma keçirilib.

Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən turnirin məqsədi Birinci və 2-ci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Bildirilib ki, ildə bir dəfə təşkil olunacaq yarışda iştirak edən həvəskar komandaların tarixi Azərbaycan torpaqları olan Göyçə və Borçalı mahallarını təmsil etməsi xüsusi məna daşıyır və növbəti ildə bu turnirə Zəngəzur, Vedibasar, Dərələyəz mahallarını və digər qədim yurdlarımızı təmsil edən heyətlərin qoşulması nəzərdə tutulur.

Ənənəvi Futbol Turnirində 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” mübarizə aparacaq.

Turnir hər birində 3 komanda olmaqla 2 qrupdan ibarətdir və 8 Noyabr – Zəfər Günü başa çatacaq. Dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcəklər. Yarımfinalda qalib gələnlər isə final matçında iştirak edəcəklər. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik olmayacaq.

İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Ardanış”, Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edəcək.

Təşkilat Komitəsinin üzvləri və komandaların nümayəndələrinin iştirakı ilə keçirilən püşkatmada qruplar bəlli olub:

A Qrupu – “Ardanış”, “Sadaxlı”, “Göyçə”

B Qrupu – “Media”, “Novoivanovka”, “Ada Təpə”

İlk oyun “Sadaxlı” ilə “Ardanış” arasında oktyabrın 9-da saat 10:30-da “Vətən” İdman Klubunun stadionunda rəsmi açılış mərasimindən sonra baş tutacaq. Oyunların 1-3-5-bazar günləri saat 09:30, 10:30-da və 20:00-da keçirilməsi nəzərdə tutulur. Komandalar özlərinin idman geyimləri ilə meydana çıxacaqlar. Qarşılaşmaları AFFA-nın hakimləri idarə edəcəklər.

“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verəcək.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

(Report.az)

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …