Çərşənbə , 18 Dekabr 2024
Drone Cameras

Bakıdan Fransaya yenə ittihamlar var

“Fransa beynəlxalq öhdəliklərinə rəğmən Ermənistanın silahlandırılması ilə bağlı proqramda iştirak edir”

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistanın militarizasiya proqramı həyata keçirilir. Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bu barədə danışıb.

“Bunun arxasında duran əsas qüvvələrdən biri Avropa İttifaqının və NATO-nun üzv ölkəsi olan Fransadır. Təəssüf ki, Fransa özünün beynəlxalq öhdəliklərinə rəğmən Ermənistanın silahlandırılması ilə bağlı proqramda iştirak edir. Beynəlxalq münasibətlərin məcəllələşdirilməsi prosesi İkinci Dünya müharibəsindən sonra başlayıb. Bu prosesdən sonra azsaylı ölkələr var ki, işğal və təcavüz törədib. Ermənistan da belə bir cinayət törətmiş ölkədir. Bu baxımdan Ermənistanın silahlandırılması məsuliyyətli parametrlər çərçivəsində olmalıdır”, – Prezidentinin köməkçisi bildirib.

“Ermənistana, xüsusilə Fransa tərəfindən verilən öldürücü və hücum xarakterli silahlar ciddi narahatlıq doğurmaqdadır. Ermənistanın silahlandırılması təkcə Fransa deyil, başqa dövlətlər tərəfindən də həyata keçirilir”, – Hikmət Hacıyev vurğulayıb.

2023-cü ilin oktyabrın 22-də Ermənistanla Fransa arasında hərbi saziş imzalanıb.

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Check Also

Ermənistan Azərbaycan ərazisində vətəndaşlarına mülkiyyət hüququ verib

Paşinyan məsələnin araşdırıldığını deyir Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında vətəndaşlara mülkiyyət hüququ verib. Bu barədə …