Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bakıdan müharibə anonsu – hazırlıqlar bitir…

ABŞ səfəri öncəsi Paşinyana Azərbaycanın müdafiə nazirindən ayıldıcı mesaj: “Sözümüzü yaxın vaxtda döyüş meydanında deyəcəyik!..”; daha 10 min əsgərimiz poliqona çıxarıldı; Bakı silahlanma strategiyasını da təkmilləşdirir – mühüm gəlişmə...

Dünən – sentyabrın 16-da Azərbaycan Ordusunun növbəti genişmiqyaslı təlimləri başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında baş tutan təlimlərə ordumuzun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələri cəlb edilib.

10 min nəfərədək şəxsi heyətin, 100-dən çox tank və digər zirehli texnikanın, 120 müxtəlif çaplı raket və artilleriya qurğusunun, reaktiv yaylım atəş sistemi və minaatanların, 20-dək ordu və cəbhə aviasiyasının və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimlər zamanı dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, habelə düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilən ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub. Təlimlərdə əsas diqqət qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldilib. Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçiriləcək. Təlimlər sentyabrın 20-də başa çatacaq.

*****

Ordumuz ile ilgili görsel sonucu

“Yeni Müsavat” xatırladır ki, eyni gündə ölkəmiz ərazisində “TurAz Qartalı – 2019″ Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimləri başa çatıb (2-16 sentyabr). Həmin təlimlərə MiQ-29, F-16, Su-25, P-235 ”Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi cəlb olunmuşdu. Göründüyü kimi, iki qardaş ölkənin birgə təlimləri bitməmiş Azərbaycan ayrıca irimiqyaslı hərbi təlimə qərar verib, daha 10 min əsgərimiz, yüzlərlə müasir döyüş texnikası poliqonlara çıxarılıb.

İstər ortaq təlimlər, istərsə də Azərbaycanın maksimum müharibə şəraitinə yaxın şərtlərdə təkbaşına həyata keçirdiyi və intensivliyi artan təlimlər, qısası, “əzələ nümayişi” işğalçı tərəfə son ciddi mesajlardır. Hərbi xarakterli bu mesajlar xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanındır. Nöqtə” məlum sərsəm bəyanatına cavabdır. Eyni zamanda bu həftə ABŞ-a səfərə hazırlaşan erməni baş nazirə, bütövlükdə erməni tərəfə aydın xəbərdarlıqdır ki, sülh danışıqlarında obyektiv mövqe tutmazlarsa, o zaman Azərbaycan Ordusu ilə işləri olacaq.

“Hesab edirəm ki, biz hərbçilər bu polemikada iştirak etməli deyilik. Bizim vəzifəmiz döyüşməkdir”. Bu sözləri müdafiə naziri Zakir Həsənov ötən bazar Real TV-də yayımlanan “Mir Şahin vaxtı” verilişində Paşinyanın sərsəm bəyanatları ilə bağlı açıqlamasında deyib.

akir Həsənov Mir şahinin ile ilgili görsel sonucu

“Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz bunu arzulayırıq. Bu, yaxın vaxtda olacaq. Görəcəyik ki, o öz sözünün üstündə dura biləcək, ya yox?! Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi onlara layiqli cavab verib. Heç Ermənistan rəsmi dövlət kimi Qarabağı tanımayıb. Boş-boş danışmaq onlara qalacaq”, – deyə nazir vurğulayıb.

Nazir yada salıb ki, 2016-cı ildə Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu 3 gün ərzində darmadağın edib: “Onda məcbur olub səfərbərlik elan etdilər. Səfərbərlik nə zaman elan olunur?! Ordunun gücü tükənəndə… Qocaları yığır, toy-bayramla göndərir. Nə oldu? Qaçdılar dərhal öz ”yiyə”lərinin (Moskvanın – “YM”) yanına ki, “qoymayın, bizi qırırlar”. Lakin mən inanmıram ki, ikincidə bunların “yiyə”ləri bunların arxasında dayana bilsin”, – deyə nazir bildirib.

*****

Müharibə vəziyyətində olan Azərbaycan təlimlər hesabına özünün döyüş qüdrətini artırmaqla yanaşı, silahlanma strategiyasını da təkmilləşdirməkdədir. Sülh danışıqlarının faktiki, fiasko olduğu bir zamanda bu, ölkəmiz üçün ikiqat önəm kəsb edir. Söhbət həm də qabaqcıl hərbi texnologiyalara yiyələnməkdən və özünün hərb-sənaye kompleksini daha da inkişaf etdirməkdən gedir.

Ordumuz ile ilgili görsel sonucu

“Yeri gəlmişkən”, bu arada məlum oldu ki, Azərbaycanın əsas silah tədarükçülərindən olan İsrailin “Israel Aerospace Industries LTD” (IAI) şirkəti Azərbaycanda nümayəndəlik açıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Vergilər Nazirliyindən məlumat verilib. İsrail mediasının məlumatına görə, IAI ölkəmizlə fəal əməkdaşlıq edir. Xüsusilə Azərbaycan sözügedən şirkətdən “Naqor” pilotsuz uçan aparatları (PUA) və s. avadanlıqlar alıb.

IAI (İsrailin Aviasiya Sənayesi) 1953-cü ildə təsis olunub və hərbi-sənaye kompleksi sahəsində fəaliyyət göstərir. Xüsusilə şirkət aviatexnika, kosmik peyklər, rabitə və kəşfiyyat üçün alət və avadanlıqların istehsalı, dünyada aparıcı PUA tərtibatçısı və istehsalçısıdır. Onlardan bəzilərinin dünyada analoqu yoxdur. IAI İsrailin aparıcı texniki-sənaye şirkətlərindən biridir, illik satış həcmi $3,3 milyarddan çoxdur.

Bunu da qeyd edək ki, işğalçı Ermənistan rəsmiləri dəfələrlə Azərbaycan-İsrail hərbi və hərbi-texniki əməkdaşlığından ciddi narahatlıq keçirdiklərini bəyan ediblər, iki ölkənin bu sahədə əməkdaşlığını əngəlləmək üçün ən müxtəlif vasitələrə əl atıblar, bu məqsədlə İsrailə səfərlər ediblər. Lakin heç bir nəticə əldə edə bilməyiblər. İsrail dövlətinin rəsmiləri Ermənistan yetkililərini hər dəfə məyus ediblər. Ölkəmizin ərazi bütövlüyü məsələsində daim prinsipial, ədalətli mövqe tutan İsrailı eyni zamanda İrəvana aydın şəkildə anladıb ki, İrəvanla Azərbaycanın ziyanına hərbi əməkdaşlığa hazırlaşmır.

*****

Dünyanın hərbi cəhətdən qüdrətli dövlətlərindən olan və güclü beynəlxalq lobbiyə malik İsrailin bu mövqeyi indi – müharibə variantının az qala, yeganə həll yolu kimi masa üzərində qaldığı zamanda Azərbaycan üçün məxsusi və mühüm önəm kəsb edir. Hərçənd sülh imkanları hələ tam tükənməyib. Lakin o da var ki, hərbi güc amili danışıqlar stolu arxasında da sanballı faktor hesab edilir – Bakı bunu da nəzərə alır.

Azərbaycan habelə bunu da ciddiyə alır ki, məsələnin dinc həllində ciddi dönüş ilk növbədə Ermənistanın yiyəsi Rusiyanın nə dərədə maraqlı olması ilə bağlıdır. O Rusiya ki, vaxtaşırı Azərbaycanı öz siyasi-hərbi orbitinə daxil eləmək üçün Bakıya reveranslar edir. Onlardan biri də ölkəmizi “Rus NATO-su” sayılan KTMT-yə müşahidəçi statusuna razı salmaqdır. Son günlər Moskvadan bu yöndə ismarışlar artıb. Lakin politoloqlara görə, Bakı “Rus NATO-su”nda müşahidəçi statusu qarşılığında mütləq Qarabağ şərtini irəli sürməlidir.

“Rus NATO-su”nda müşahidəçi statusu Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etmir. Bu, Rusiyanın regionda geosiyasi mövqeyini gücləndirmək üçün lazımdır. Bakı mütləq şəkildə ərazilərin qaytarılması şərti ilə müşahidəçi statusu almalıdır. Əks halda, Azərbaycan bu təşkilatda yer alsa, Moskva işğal olunmuş ərazilərlə bağlı növbəti dəfə ölkəmizi aldada bilər”. Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bu yöndə Moskva ilə Bakı arasında intensiv danışıqların getdiyini istisna etmir. “Çünki Rusiya rəsmiləri birdən-birə bu məsələni qaldıra bilməzdilər. Digər yandan, İrəvan və Moskva arasında soyuq münasibətlər hökm sürür. Bundan istifadə edib Moskva ilə ərazilərin istənilən variant üzərində qaytarılmasını razılaşdırmaq mümkündür. Məhz bunun müqabilində KTMT məsələsi müzakirə oluna bilər”, – deyə ekspert qeyd edib. Politoloq hesab edir ki, Rusiya və Azərbaycan arasında qarşılıqlı və ikitərəfli maraqlar kontekstində Qarabağ münaqişəsi həll edilə bilər.

Beləcə, Dağlıq Qarabağ məsələsində Moskva üçün də seçim anı yaxınlaşmaqdadır… 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …