“Rusiya XİN-in sözçüsünün Azərbaycanda 13 vətəndaşının həbsini münasibətlərin pisləşməsi kimi qiymətləndirməsi və azadlığa buraxılmalarını, iki ölkə arasındakı əlaqələrin normallaşması üçün şərt kimi göstərməsi doğru yanaşma deyil”.
Bu açıqlamanı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Azər Ayxan verib.
Bir gün öncə Rusiya XİN sözçüsü Mariya Zaxarova “Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması, Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər”, - deyə bildirmişdi.
Azərbycan XİN sözçüsü vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur:
“Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır”.
Azərbaycan-Rusiya münasibətlərində gərginlik 2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra başlayıb. Bakı təyarəni Rusiyanın vurduğunu bildirib.
2025-ci ilin əvvəlində Azərbaycanda fəaliyyət göstərən “Sputnik Azərbaycan” media qurumu və “Rusiya Evi” bağlanıb.
2025-ci il iyunun 27-də isə Rusiya İstintaq Komitəsinin Yekaterinburqda cinayət işi üzrə keçirdiyi reydlərdə iki azərbaycanlı həyatını itirib.
Ardınca, Azərbaycanda 13 Rusiya vətəndaşı casusluq və digər qanunsuz fəaliyyətlərdə ittiham olunaraq həbs edilib.
Daha sonra isə Rusiya Bakıda saxlanılan rusiyalı jurnalistlərə görə, Azərbaycan isə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyata görə bir-birinə qarşılıqlı nota veriblər.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
