Koronavirusun mutasiyaya uğramış və daha da aqressiv olan yeni versiyası hamını təngə gətirib. Alimlər deyir ki, əvvəlkindən 70 faiz daha sürətlə yayılır, ölümcül və qorxuncdur. Bu isə ölkədə insanlarımızın onsuz da olan-qalan əsəbini tarıma çəkib, kasıbı təntidib, varlının itirmək qorxusunu isə kəllə-çarxa çıxarıb. Varlı da ki, qorxanda…Allah göstərməsin. Biz uzaqbaşı bir canımızdan qorxuruq. Onlar itərəcəkləri vəzifədən, var-dövlətdən, mülkdən… Üstəlik, onların arzuları da bizimkilərdən böyük, hüdudsuz və göylərdə uçandır. Düşünsənə, pul-para var, arzu da var, amma icazə yoxdu. Bütün arzular elə ürəklərindəcə qalır – reallaşdıra, kasıba hava ata, yuxarıdan aşağıya baxa bilmirlər.
Arzu demiş, jurnalistlər Şuşanın İcra başçısı Bayram Səfərovdan soruşublar ki, Şuşaya nə zaman gedəcəksiz. Cavab verib ki, hər yeri minalayıblar, o üzdən Şuşaya gedə bilmir. Amma mən xatırlayıram ki, bu ilin mayında, hələ Şuşa bizim xəyallarımızda, yuxumuzda olan vaxt Bayram müəllim çox qəzəbli idi. Zəng edib, Paşinyanla bağlı münasibət öyrənmək istəyən jurnalistlərə “Paşinyan Şuşaya səfər etdiyi yerdə qıçları qırılsın”, “Paşinyan yanımda getdiyi yerdə onu qayadan aşırdaram! Bura bax, onu qayadan tufulladaram!” kimi sözlər deyirdi. İndi qəzəbi soyuyub deyəsən, öz canını hamıdan və hər şeydən öncə düşünür. Üstəlik, adama deyərlər, Şuşa bu dəqiqə ən təhlükəsiz yerlərdən biridir, sən kimə gəlirsən?
Amma müxalifətin bəzi simaları qəzəblidir bu arada. Hökumət bir neçə müxalifət partiyasına qərargah verib. Bəzilərinə Lider kanalının keçmiş binasında, bəzilərinə Binəqədi ərazisində. Qonşu olacaqlar bir neçəsi. Amma o gün oxudum, Azadlıq Partiyasının rəhbəri Əhməd Oruc imtina edib qərargahdan. Açıqlama verib ki, “bizə dünən deyildi ki, qərargahla təmin olunursunuz, akt bağladıq. Bu gün getdik binaya, və nəzərə aldıq ki, qərargahdan imtina edək. Buna səbəb isə binanın istilik sisteminin olmaması, 50 kv.m ərazisi olan bir ofis olmasıdır. Ofisin bir pəncərəsi sakininin pəncərəsinə, digəri isə toyuq damına açılır. Eyni zamanda, partiyalara münasibətdə ikili prinsipi də gördük. Hakimiyyət bir partiyaya 150-160 kv.m, digərinə isə 50 kv.m-lik ofis verir, bu isə ədalətsizlikdir”. Çox maraqlı və ibrətamiz prinsipiallıq nümunəsidir. Yəni, ofis almaq olar, amma pəncərəsi toyuq damına açılanı yox, lüks olanı, sahəsi 50 yox 250 kv.m olanı, işıq görəni, istilik sistemi olanı… Yəni, şərtləri var prinsipiallığın da, bu sayaq anlaşmaların da, belənçik müxalifətçiliyin də. 2020 şərtləri olsun adı, keçək bunun üstündən…
Bu arada ölkənin gündəmi yenə şəhid ailələrinə ediləcək yardımlar mövzusudur. Bəli, karantin rejiminin ilk günlərində yardım pulunu oğurlayan, kasıbın qənd, çay, un puluna tamah salan, sonra da qara maskalılar tərəfindən videosu çəkilən icra başçıları indi də şəhidin ehsan pulunu yeyirlər. Adam oxuduqca dəhşətə gəlir. Şəhid ailələri qapılarda qalır. Məmur şəhid anasının ayağına gəlib, onun əlindən öpməli olduğu halda, şəhid anası idarə qapılarında qalır. O idarə sənin, bu idarə mənim… Sənəd yığır, xahiş edir, növbəsiz keçmək üçün kimlərəsə ağız açır. Biz isə buna etiraz etmək əvəzinə, “Yaşat” fondunun keçirdiyi videokonfransa görə qəzəbliyik ellikcə. Bilirsiniz ki, dünən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tanınmış bloqqer, aparıcı, mədəniyyət və incəsənət nümayəndələri ilə videokonfrans formatında görüşüb. İndi hamı səs-küy qoparıb ki, bəs niyə müğənni Aynişan orda idi, ya da Murad Arif nəyi həll edəcək? Necə yəni, pulu biz verəcəyik, amma ortada yenə manıslar görünəcək? Təbii, linç kampaniyasına təşnə olan bir toplum olaraq, bu reaksiyamız da əbəs deyil. Biz orda ziyalı, tanınmış, hörmətli, cəmiyyətə daha çox fayda verən….şəxsləri görmək istəyirik, o ayrı. Amma kiçik bir videogörüşdən bu qədər uzaqgedən nəticələr çıxarmaq niyə? Bəzi alimlər, professorlar var ki, bir post yazsalar, 50 nəfər ya bəyənər, ya da bəyənməz.
Amma Murad Arifin paylaşımları, Qarabağla bağlı apardığı kampaniyalar sosial şəbəkədə yüz minlərə çatır. Adamın pərəstişkar ordusu var, ingilis dilini mükəmməl bilir və öz miqyasında, təbliğat işində böyük addımlar atır. Təbii ki, fonda yardım edəcəyiksə, bizim məvaciblərimizdən tutulan pullar hesabına formalaşacaqsa, təftişçilik missiyamızı da saxlamalıyıq. Yeri gələndə hesab da soracağıq, “o pullar hara, necə xərcləndi” deyib şəffaflıq da tələb edəcəyik. Amma videokonfransda niyə Aynişan oturdu səviyyəsinə düşmədən. Ən azı ona görə ki, Aynişan şəhid qızıdır və bir şəhid ailəsinin üzvü olaraq bizim bir çoxumuzdan daha yaxşı bilir o ailələrin əhvalını. Üstəlik, bu konfransdakılar həll etmir fondun taleyini, xərcləmələrini və sair. Adamlar sadəcə piara yardım edəcək, paylaşımlara dəstək olacaqlar. Hərəsinin nə qədər heyran, izləyici ordusu var. Min nəfərdən 100-ü onların bir paylaşımına dəstək olaraq fonda yardım edəcəksə…nəyi pisdir ki?
Lənət şeytana, hamı da özünü elə “ziyalılar o konfransda niyə yox idi” deyə öldürür ki… Deyərsən, səhər-axşam ziyalı sözünə təşnədilər. Şəxsən öz verilişimin təcrübəsindən bilirəm – efirə ziyalı, çox ciddi ekspert çıxaranda, sağlamlığımıza, cəmiyyətin həyatına təsir edəcək mövzuları müzakirə edəndə çox az adam izləyir. Amma o ki, qalmaqal, dartışma, bir az da mübahisəli mövzu oldu, reytinq qalxır tavana. Yəni, o qalmaqallı, səs-küylü manısları da, blogerləri də siz populyar etmisiz. Onların izləyiciləri Marsdan gəlməyiblər, 90 faizi azərbaycanlılardır. Onları toylarınıza çağırıb 10-15 min manat verən də sizsiz, yolda görəndə şəkil çəkdirmək üçün növbəyə dayanan da. Bəy dediyiniz nədir, bəyənmədiyiniz nə…?
Səmimiyyət, bəylər və xanımlar! Azacıq səmimiyyət! Narahat olmayın, burda yad adam yoxdur, hamı özümüzünkülərdir….Bizə yox da, bizə yox.