Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Beynəlxalq koalisiya Ermənistanı Xocalı soyqırımını tanımağa çağırıb

Bu gün BMT İnsan Haqları Şurasının 51-ci sessiyası çərçivəsində “Etiraf və barışıq: sülh və ədalət yolunda vətəndaş cəmiyyəti dialoqunun rolu” adlı seminar keçirilib.

Boyukmillet.com xəbər verir ki, BMT-nin Cenevrədəki Ofisində keçirilən tədbiri “Xocalı: Barışıq üçün etiraf et” Koalisiyası təşkil edib.

Seminarda əsas məruzəçi kimi çıxış edən “Srebrenitsa Anaları” İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Munira Subaşiç Srebrenitsa və Xocalı soyqırımı arasında bənzərliyə diqqəti çəkərək təəssüflə qeyd edib ki, Ermənistan rəhbərliyi Qarabağ münaqişəsi zamanı baş vermiş ən kütləvi qırğına görə məsuliyyəti hələ də qəbul etməyib: “Bu isə postmünaqişə dövründə iki xalq arasında dayanıqlı sülhün əldə olunması qarşısında əsas maneələrdən biridir. Etibar olmadan barışıq ola bilməz, həqiqət təsbit olmadan isə etibar bərqərar ola bilməz”. M.Subaşiç Ermənistanı keçmişi ilə hesablaşmağa çağırıb.

Koalisiyanın təşəbbüskarı, Soyqırımı və Kütləvi Qırğınlara Qarşı Budapeşt Mərkəzinin sədri Giorgi Tatar 2020-ci il 10 noyabr atəşkəs razılaşması ilə uzun illər davam edən Qarabağ münaqişəsinə son qoyduğunu və xalqlar arasında barışıq üçün tarixi şansın yarandığına diqqəti çəkib. Bu ilin əvvəlində ATƏT platformasında təsis olunan Koalisiyanın bu məqsədə xidmət edəcəyini söyləyən keçmiş diplomat bildirib ki, yalnız Ermənistan Xocalı soyqırımını tanıyacağı və iki ölkənin cəmiyyətləri arasında bu mövzuda səmimi dialoqun bərqərar ediləcəyi halda barışıq səmimi və dayanıqlı ola bilər.

Tədbirin təşkilatçılarından biri, Fransanın Vicdan Azadlığı Uğurunda Koordinasiya Mərkəzinin prezidenti Tyeri Valle Azərbaycan-Ermənistan sərhədində ötən ay baş verən qarşıdurmadan sonra erməni sosial media seqmentində azərbaycanlılara qarşı “daha bir Xocalı yaşatmaq” çağırışlarına diqqəti çəkib. Bunu Ermənistanda Xocalı mövzusuna 30 il ərzində qoyulan qadağanın nəticəsi kimi qiymətləndirən fransalı hüquq müdafiəçisi vurğulayıb ki, Ermənistanı Xocalı sindromundan qurtarmağın zamanıdır”.

Tədbirdə daha sonra çıxış edən İtaliya Helsinki Komitəsinin sədri professor Antonio Stanqo, Danimarka İnsan Hüquqları İnstitutu Şurasının üzvü Başi Qureyşi XX əsrdə baş verən qətliamlar və xalqlar arasında barışıq təcrübəsindən danışıblar. Ekspertlər qeyd edib ki, bütün müharibələr sonda sülh ilə bitir, lakin münaqişələr zamanı törədilmiş insanlığa qarşı cinayətlər uzun illər xalqlar arasında münasibətləri zəhərləyir. Natiqlər beynəlxalq təcrübədə “keçid ədaləti” modelinə uyğun olaraq cinayəti törətmiş tərəfin ilk olaraq faktı qəbul etməsi, faktı ört-basdır etməməsi, ağrılı mövzular ətrafında tərəflər arasında dialoqun qurulmasının sülhün əldə olunmasında qaçılmaz vasitə olduğunu qeyd ediblər.

Tədbirdə Koalisiya üzvləri tərəfindən aparılan müzakirələr nəticəsində qəbul edilən Kommünikedə Ermənistan rəhbərliyinə Xocalı soyqırımını tanımaq çağırışı ifadə olunub. Həmçinin Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri arasında birbaşa dialoq prosesini başlatmaq üçün Koalisiya üzvlərinin yaxın zamanlarda Azərbaycan və Ermənistana səfərlərinin təşkil olunacağı qeyd olunaraq, iki ölkə hökumətinə səfərlərə şərait yaradılması üçün müraciət edilib. Kommünikedə beynəlxalq təsisat və insan hüquqları təşkilatlarına müraciət olunaraq Koalisiyanın məqsədlərinə dəstək vermək barədə çağırış da öz əksini tapıb.

(Report)

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …