Beynəlxalq təşkilat Azərbaycan gəmiçilərinə təlim keçir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baltik və Beynəlxalq Dəniz Şurası (“BIMCO”) “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi”nin və “Caspian Marine Services” şirkətinin mütəxəssisləri üçün təlimlərə başlayıb. Məqsəd gəmiçilik sahəsində çalışan əməkdaşların beynəlxalq təcrübəyə yiyələnməsinə köməklik göstərmək və onları bu sahədəki yeniliklərlə tanış etməkdir.
Təlimin ilk günündə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini Zamiq İsmayılov beynəlxalq nüfuzlu “BIMCO” təşkilatının ölkə dənizçiləri üçün bu cür təlim keçirməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, belə təlimlər yerli mütəxəssislərin təcrübə və biliklərinin təkmilləşdirilməsi üçün nəzərdə tutulub.
O qeyd edib ki, təlimçilər gəmiçilik sahəsində dünyada baş verən ən son yeniliklərlə də iştirakçıları tanış edəcəklər. Gəmiçilikdə hər zaman yüksək ixtisaslı kadrların hazırlanmasına önəm verildiyini vurğulayan Z.İsmayılov bundan sonra da yerli mütəxəssislər üçün təlimlərin keçiriləcəyini bildirib.
“BIMCO”nun mütəxəssisləri tərəfindən dənizçilik sahəsində iqtisadiyyat, beynəlxalq konvensiyalar, çarter müqavilələri, konosament, yükə dəyən zərər və iddialar, təhlükəsizlik, ödəmələr və defoltlar, agentlər və brokerlər, dələduzluq və sair mövzular üzrə təlimlər keçiriləcək. Noyabrın 10-dək davam edəcək təlimlərdə 100-ə yaxın yerli mütəxəssis iştirak edəcək.
Qeyd edək ki, 1905-ci ildə Kopenhagendə “Baltik və Ağ dəniz konfransı” adı ilə təsis edilən şirkətin əsas məqsədi birlik formatında fəaliyyətdən gəlirlər əldə etmək və dəniz daşımaları sahəsində effektiv razılaşmaları dəstəkləmək olub. Sonralar Baltik və Beynəlxalq Dəniz Şurası adı ilə fəaliyyətini daha da genişləndirən təşkilatın hazırda gəmi sahibi, menecer, broker və agentlərdən ibarət 2 min 200-dən çox üzvü var.