Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynov son zamanlar fəallaşıb. Ard-arda verdiyi müsahibələr və həmin müsahibələrdə səsləndirdiyi sensasion ittihamlar bunu deməyə əsas verir.
“Vətən xaini” kimi tanınan bu şəxsin fəallaşması birmənalı qarşılanmır. Bir çoxları hesab edir ki, o, özbaşına danışmır, onu dilləndirən güclər var…
YAP-çı deputat Elman Nəsirov hesab edir ki, bəzi dairələr sabiq baş naziri müdafiə edir: “Hər halda Azərbaycan xalqının yaddaşında Surət Hüseynov qiyamçı polkovnik kimi qalıb. O, dövlətçilik əleyhinə fəaliyyətinə görə həbs edildi, cəzasını çəkdi. Xeyli müddət idi ki, pauza yaranmışdı. Məndə olan məlumata görə özünün biznesi ilə məşğul olurdu və siyasi fəaliyyəti ümumiyyətlə, yox idi. Amma son zamanlar onun bir qədər fəallaşması diqqətdən yayınmır. Müəyyən bəyanatlar verir, özünü yenidən siyasi fiqur kimi təqdim etmək istəyir. O, Azərbaycan dövlətçiliyi, xalqımızın tarixində heç bir müsbət rol oynamayıb. Qiyamçı hər zaman qiyamçıdır. Onun qiyamçılığı və davranışı nəticəsində o zaman torpaqlarımızın işğalı prosesi xeyli sürətləndi. Bilirsiniz ki, komandanlıq etdiyi hərbi hissələri cəbhə xəttindən çıxarmış və bu da nəticə etibarı ilə düşmənin torpaqlarımızı işğal etməsinə şərait yaratmışdı. Onun indiki vəziyyətdə fəallaşması təbii ki, suallar doğurur. Mənə elə gəlir ki, istənilən halda fəallaşması birbaşa onun ideyası ola bilməz. Çünki o, siyasi baxımından da kasad bir insandır. Onun daxilində hər zaman qiyamçılıq obrazı var. Təbiətən qiyamçıdır. Hesab edirəm ki, indiki məqamda yenidən özünü siyasət meydanına atmaq istəyirsə, bu, bir analitik, dövlətçi insan kimi deyil, gənc yaşlarından içərisində olan qiyamçı ruhunda göstərə bilər. Bundan artığını şəxsən gözləmirəm. Düşünürəm ki, müəyyən xarici siyasi dairələr onu müdafiə edir. Bunun nəticəsində bir qədər siyasi fəallıq nümayiş etdirməyə başlayıb. Son zamanlar neftin qiymətinin aşağı düşməsi, Azərbaycanın gəlirlərinin azalması, müəyyən iqtisadi tənəzzül proseslərinin baş verməsi, beş ayın yekunlarına görə iqtisadi tənəzzül ümumdaxili məhsulun 1.7 faiz aşağı düşməsi halları mövcuddur.
Elman Nəsirov: “Alət olarsa, vay onun halına”
Bunlar pandemiyanın birbaşa təsirləri altında baş verir. Cənab prezidentin xəstəxana açılışında qeyd etdiyi kimi bəzi radikal müxalif dairələr bundan sevinir, bir-birinə gözaydınlığı verir, bir-birini təbrik edirlər ki, Azərbaycan neftinin qiyməti 14 dollara düşüb. Bunu dediyim qüvvələr şadyananlıq kimi qarşılayırlar. Halbuki, neftin qiymətinin aşağı düşməsi nəticəsində insanlarımızın sosial rifahı aşağı düşə bilər. Bu da birbaşa xalqa ziyandır. Antimilli ünsürlər bunu sevindirici hadisə kimi qarşılayırlar. Mənə elə gəlir ki, xaricdəki anti-Azərbaycan dairələri, erməni lobbisi, diasporu, eyni zamanda neftin qiymətinin düşməsinə sevinənlər fəaliyyətlərini genişləndirməyə cəhd edirlər. Surət Hüseynov faktorundan da istifadə etmək istəyirlər. Belə görünür ki, o danışıqlara cəlb olunub. Amma hər halda Surət Hüseynov yaşının elə bir vaxtındadır ki, indiyə qədər buraxdığı səhvləri təkrar etməməlidir. O zaman qiyamçı idi. Papağını qarşısına qoyub fikirləşməlidir ki, indi güclü Azərbaycan dövləti, onun güclü lideri var. Ölkəmizdə xalq liderin bütün təşəbbüslərini birmənalı şəkildə dəstəkləyir. Surət Hüseynov bir dəfə böyük siyasi səhvə yol verib. Bunun da cəzasını çəkib. Bu yaşında yenidən səhvə yol versə, doğrudan da onun üçün bağışlanılmaz ola bilər. Növbəti dəfə səhv addım atmağa onun mənəvi haqqı yoxdur. Surət Hüseynovun qiyamçı ruhundan xaricdəki və daxildəki müəyyən anti-Azərbaycan dairələri istifadə edə bilərlər. Düşünməlidir ki, əldə alət olmasın. Azərbaycanı sevməyən, bu millətə, dövlətə qənim kəsilən bəzi qüvvələrin əllərində oyuncağa çevrilməməlidir. Əgər alət olarsa, vay onun halına. Çünki bu xalq, dövlət onu ikinci dəfə bağışlamayacaq”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev: “Kimlər Azərbaycana problem yaratmaq istəyirsə, daxildəki qüvvələrdən istifadə etməyə çalışır. Mütəmadi olaraq, belə oxşar hallar olub. Keçən dəfə Surətə cavab verəndə bir fikir bildirmişdim ki, yaxşı, sən müəyyən məsələləri deyirsən, amma 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətdən gedəndən sonra baş nazir oldun, amma prosesləri dayandırmadın. Yenə də eyni şey baş verdi. 1994-cü ildə yenidən qiyama cəhd etdi. Bu qiyamı uduzdu. 1992-ci ildə xarici qüvvələrin istəkləri baş tutmadı. O zaman hansısa bir personadan söhbət getmirdi. Sadəcə ortada böyük dövlətlərin maraqları var idi. Çalışırdılar ki, Azərbaycanda rus ordusu olsun, İran-Azərbaycan sərhədini rus ordusu müdafiə etsin, ölkəmiz KTMT-də olsun, neft kontraktları onlar istədikləri kimi bağlansın. Bu və ya digər niyyətlərini həyata keçirmək üçün ölkədə dövlət çevrilişi etdilər. Surət adlı persona bunu başqa şeylə izah edirdi.
Fərəc Quliyev: “Surətin iradəsi heç zaman öz əlində olmayıb”
Bura Xalq Cəbhəsinin bəyanatını və başqa şeyləri qatmışdı. Bu adam baş nazir olanda belə 1994-cü ildə dövlət çevrilişinə cəhd edən şəxsdir. Yenə də məqsəd eyni idi. Böyük güclər yuxarıda sadaladıqlarımı həyata keçirə bilməyəndə Surətdən yenə istifadə etməyə cəhd etdilər. 2013-cü ildə də eyni vəziyyəti yaratmağa çalışdılar. Bu dəfə bunu Milli Şuranın əli ilə etmək istədilər. İndi yenidən Surət kimi adamı ortaya atıblar. Bu, onun öz iradəsi deyil. Hesab edirəm ki, bunun kimin tərəfindən edilməsindən asılı olmayaraq, Azərbaycandakı bütün milliyyətçi kəsim bir arada olmalı, bu adamın ağalarının cavabını verməlidir. Bizim milli maraqlarımız, müstəqil dövlətimiz var. Heç bir hörməti olmayan persona ilə bizə təzyiq edə bilməzsiniz. O zaman bir neçə dəfə Surət ordudan getmiş, yenidən geri qaytarılmışdı. Bunu o vaxt Gəncənin Vaqif adlı icra başçısı var idi, o da demişdi. Yəni Surətin iradəsi heç zaman öz əlində olmayıb. Ölkəmizdə vətənsevərlər, sizin kimi millətçi media əl-ələ verməli və bütün üsullarla dövlətimizi qorumalıyıq. Fikrimi belə yekunlaşdırıram ki, Surətin fəallaşması özünün iradəsi deyil, bu onun ağalarının iradəsidir. Ağanın isə kim olmasının heç bir fərqi yoxdur. Sadəcə fəal olmalıyıq və onların cavabını verməliyik”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”