O, Maltada postsovet ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb
Dekabrın 6-da ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən iclası çərçivəsində ABŞ-nin dövlət katibi Entoni Blinkenin Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya və Ukrayna vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdüyü bildirilir.
İclasda Azərbaycan vətəndaş cəmiyyətini siyasi mühacirətdə olan hüquq müdafiəçisi Emin Hüseynov təmsil edib.
Emin Hüseynov “Turan”a bildirib ki, görüş zamanı o, Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsi, fəalların və jurnalistlərin həbsi, o cümlədən hüquq müdafiəçisi Rüfət Səfərovun son həbsindən danışıb.
Hüseynovun sözlərinə görə, Blinken Səfərovun həbsindən xəbərdar olduğunu deyərək Vaşinqtonda Azərbaycanda haqsız yerə həbs edilən şəxslərin işlərinin diqqətlə izlənildiyini bildirib.
O, ABŞ-nin həm ölkə daxilində, həm də xaricdə fəlaiyyət göstərən Azərbaycan vətəndaş cəmiyyətinə institusional və siyasi dəstəyinin gücləndirilməsinin zəruriliyini qeyd edib.
“Bu, insan hüquqlarının müdafiəsi və demokratik dəyərlərin təşviqi istiqamətində səylərin səmərəliliyinin artırılması üçün çox vacibdir”, – o qeyd edib.
Görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen də iştirak edib.
“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb.
Növbəti gün, dekabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi hakim Aytəkin İbrahimovanın sədrliyi ilə Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.
Vəkil Elçin Sadıqov bildirib ki, Rüfət Səfərovun cinayət törətməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməyib.
Rüfət Səfərov isə sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.
Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb.
O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib.
2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib.
O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib.
Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.