Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Folha de S.Paulo” qəzeti məlumat yayıb.
Bir çox ərazilərdə su və elektrik enerjisi kəsilib, mobil rabitə işləmir. Yağışların fəsadları ilə mübarizəyə müxtəlif xidmət orqanlarının 500-dən çox əməkdaşı, o cümlədən hərbçilər cəlb olunub.
Son gün ərzində əraziyə bir aylıq yağıntı norması düşüb. Təbii hadisə çoxsaylı daşqın və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.
San-Paulu ştatının eyniadlı paytaxtını sahilyanı ərazilərlə və qonşu Rio-de-Janeyro ilə birləşdirən əsas magistral yollarda əlaqə kəsilib. Təbii fəlakətdən əziyyət çəkən 5 bələdiyyədə fövqəladə vəziyyət elan edilib.