Cümə , 9 Yanvar 2026
Drone Cameras

BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 33 milyon 408,9 min ton neft nəql edilib.

Boyukmillet.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin 11 ayının göstəricisinə nisbətən 5,5 % azdır.

Ötən dövr ərzində nəqletmənin 74,6 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə yanvar-noyabr aylarında 24 milyon 907,4 min ton neft ötürülüb. Bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 7,2 % azdır.

Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 85,1 %-ni və ya 21 milyon 199,8 min tonunu Azərbaycanda hasil edilən neft, 14,9 %-ini və ya 3 milyon 707,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 3,4 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 24,2 % azalıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.

Check Also

İşğaldan azad edilmiş ərazilərdə məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub. Boyukmillet.com xəbər verir …