Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bu gün Ümumdünya Hepatitlə Mübarizə Günüdür

Bu gün Ümumdünya Hepatitlə Mübarizə Günüdür.

Boyukmillet.com xəbər verir ki, 2010-cu ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə iyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günü elan edilib.

Həmin günün iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum tarixi ilə əlaqədardır.

Sürətlə artan xəstəliklər qrupuna aid edilən hepatitin A, B, C, D, F və başqa növləri var. Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir. Digər hepatitlərdə olduğu kimi, hepatit C-də həm parental-venadaxili infuziya yolu ilə, həm də qeyri-parental – cinsi yolla yoluxma, transplasentar – anadan körpəyə yoluxma yolu ilə keçə bilər.

Xəstəliyin ilkin spesifik əlamətləri olmasa da, əsasən iştahasızlıq, yorğunluq, zəif ürəkbulanma və halsızlıqdan şikayətlər olur. Bəzi hallarda mədə nahiyəsi dolğun və zəif ağrılı, bəzi hallarda göz və dəridə sarılıq halları ilə özünü büruzə verir. Erkən əlamətlər yoluxmadan ən tez 2, ən gec 6 ay sonra müşahidə edilir.

Aktiv hepatit C keçirən xəstələrin 15-20 faizi tamamilə normal vəziyyətə qayıtsa da, xəstələrin çoxunda hepatit C virusu qandan təmizlənmir və xroniki hala çevrilir, lakin heç də bütün hallarda seroza keçmir. Ancaq onların təxminən 20 faizində qara ciyər serozu və ilk infeksiyadan 30-40 il sonra, hətta 40 yaşdan yuxarı xəstələrdə hepatit C mənşəli xərçəngə çevrilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, planet əhalisinin hər üç nəfərindən biri, yəni, 2 milyarda yaxını hepatitdən əziyyət çəkir. Bəzi ölkələrdə əhalinin böyük bir hissəsi hepatit A virusu ilə xəstələnib, onda biri isə hepatit B və C viruslarının daşıyıcılarıdır.

Ümumdünya Səhiyyə Təşkilatı Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.

Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. Həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkili daxildir. 2014-cü ildən etibarən Səhiyyə Nazirliyində hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradılıb.

Rəsmi məlumata görə, Azərbaycanda ötən il 130 nəfərdə ilkin olaraq hepatit aşkar olunub. Qeyd olunub ki, onlardan 34-də hepatit A, 58-də B və 38-də isə hepatit C olduğu məlum olub.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …