Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Bugünkü müstəqil Azərbaycan həm də onların əsəridir

Türkiyənin şərq qapısı – İğdır, Qars. Üç il əvvəl səfər etdiyim doğma, tarixi torpaqlara bu dəfəki səfərimizin dəstəkçisi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, təşkilatçısı isə Beynəlxalq Diaspor Mərkəzi idi.

Üç günlük səfərdə üç günə sığmayan ağır proqramla hərəkət etdik. İğdırda, Qarsda tarixi yerlərdə, dərnəklərdə, cəmiyyətlərdə görüşlər keçirdik. Proqram sırasında baş çəkdiyimiz iki məqam isə səfərimizin zirvəsi oldu, deyə bilərəm.

Naxçıvandan İğdıra ayaq basdığımızda ilk getdiyimiz, ziyarət etdiyimiz məkan Taşburun kəndinin qəbristanlığı idi.

O qəbristanlığa ki, orada Azərbaycan xalqının igid övladı Kərbəlayi İsmayıl (İsmayıl Çimən) uyuyur.

Kərbəlayi İsmayıl – rus işğalının özü ilə gətirdiyi yalançı sovetləşməyə, kolxozlaşmaya qarşı Qərbi Azərbaycan torpaqlarında dirənişin smvollarından biri, Vedibasar mahalında erməni daşnaklarının qəniminə çevirilmiş əfsanəvi şəxsiyyət.

Rəhmətlik Fərman Kərimzadə yazdığı “Qarlı aşırım” romanı ilə şərəf tarixindən ayrı düşmüş Azərbaycan xalqını Kərbəlayi İsmayıl kimliyi ilə tanış etdi. Sonra bu romanın əsasında çəkilmiş “Axırıncı aşırım” filmi ilə, bu filmdə azman sənətkar Adil İsgəndərovun yaratdığı “Kərbəlayi İsmayıl” obrazı ilə xalqımız igid övladını tanıdı. Dövrün konykturasına uyğun olaraq mənfi yöndən təqdim edilsə belə, xalq “Kərbəlayi İsmayıl”ı sevdi.  Kişilik, comərdlik, namus-qeyrət ünvanı kimi örnək alındı.

Qəbirin yerləşdiyi kiçik məzarlıq abadlaşdırılıb. Bu işdə İsmayıl Ağayev başda olmaqla Beynəlxalq Diaspor Mərkəzinin, Azərbaycanın bölgədəki Konsulluğunun, keçmiş konsul Həsən Zeynalovun, hazırkı konsul Nuru Quliyevin xüsusi əməyi var.

Kərbəlayi İsmayılın qəbirüstü daşları dəyişdirilsə də, əvvəlki başdaşı da orada qorunub saxlanılır.

Hazırda, Taşburun kəndində Kərbəlayi İsmayılın şəcərəsindən yalnız bir qalıb – qardaşı oğlu Məhərrəm.

Məhərrəm kişi bizimlə söhbətində ermənilər tərəfindən qətlə yetirilmiş əmisinin adını daşıdığını bildirdi. Onu da əlavə etdi ki, yaşadığı ömrü boyu əmilərinin adını hər zaman uca tutub, onların adına xələl gətirəcək heç nə etməyib.

Kərbəlayı İsmayılın məzarından sonra üz tutacağımız daha bir məqam – Qarsın Koçköy kəndində əbədiyyətə uğramış unudulmaz sərkərdə Sultan bəy Paşa bəy oğlunun məzarı olacaq.

Üzərində üçrəngli dövlət bayrağımız dalğalanan Azərbaycanın Qarsdakı konsulunun avtomobili Sultan bəyin uyuduğu məzarlığa yaxınlaşır. Bu səhnə o qədər təsirli idi ki…

Təsəvvür edin. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bərqərar olmasında, fəaliyyətində iştirak etmiş Xosrov bəy və Sultan bəy!

Sultan bəy Azərbaycanı tərk edəndə qırmızı rus ordusunun çəkmələri altında inləyirdi ölkəmiz. Müstəqillik, cümhuriyyət duyğuları yerini qaranlıq, ümidsiz bir gələcəyə buraxmışdı. Sultan bəy də bu duyğularla Azərbaycanı, canı qədər sevdiyi, Andraniklərdən qoruduğu Laçınını tərk edib Türkiyəyə pənah aparmışdı. Və Türkiyədə, Qarsda, Koçköy kəndində gözlərini əbədiyyətə yumanda da yəqin ki, Azərbaycanın nə zamansa yenidən ayağa qalxmasını, müstəqilliyini, cümhuriyyətini elan edəcəyini xəyal etməmişdi.

Bu gün isə müstəqli Azərbaycan Cümhuriyyətinin konsulunun üçərgli bayraqlı avtomobili Sultan bəyin məqamına, məzarına gəlir.  Bu tarixi bir andı. Bu bir vəfa borcudu. Qədirbilənlikdi. Ədalətin təntənəsidi.

Üçrəngli Azərbaycan bayrağının və Türkiyə bayraqlarının kölgəsində toplanan izdiham Sultan bəyin şücaətindən bəhs edilən çıxışlara alqış dedi. Qeyd edim ki, Sultan bəyin məzarının müəyyənləşdirilməsi və məzarı üzərində xatirə lövhəsi qurulmasında Beynəlxalq Diaspor Mərkəzinin xüsusi fəaliyyəti var.

Bugünkü müstəqil Azərbaycan həm də onların – Kərbəlayi İsmayılın, Sultan bəyin əsəridir. Bizsə əcdada sahib durduqca daha da müstəqil, daha da güclü olacağıq.

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun və Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin başkanı Göksel Gülbeyin (ASİM-DER) yaxından göstərdiyi dəstək nəticəsində hər iki ölkə üçün səmərəli görüşlər keçirildi. Azərbaycan nümayəndə heyətinin tərkibinə BDM sədri İsmayıl Ağayev, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İB-nin sədri Lyudmila Xəlilova,  Regionda Təhlükəsizlik və Sülh Naminə İB-nin sədri Telman Qasımov, “Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəribli, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə, modern.az saytının əməkdaşı Günay Nəbiyeva, BDM-in mətbuat katibi Könül Kərimova, Qarabağ veteranı Vidadi Nuriyev daxil idi.

 

AQIL CAMAL

Turkustan.info

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir