Bazar , 24 Noyabr 2024
Drone Cameras

Cəbhə xəttindəki vəziyyətlə bağlı Ukraynadan daha bir BƏYANAT – FOTOLAR

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) BMT və ATƏT-in Ukraynadakı nümayəndəliklərinə etiraz bəyanatı təqdim edib.

Dünən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və idarə heyətinin üzvləri ATƏT və BMT-nin Ukraynadakı nümayəndəliklərinə gələrək son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin törətdiyi qanlı təxribatla əlaqədar sözü güdən qurumlara bəyanat təqdim ediblər .

BUAK-ın mətbuat xidmətindən KONKTRET.az saytına daxil olan bəyanatda deyilir:

“12 iyul 2020-ci il tarixindən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti qanlı təxribat dünyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada yaşayan soydaşlarımızın ciddi narahatlığına səbəb olmuş, ermənistanın növbəti məkirli siyasəti böyük hiddətlə qarşılanmışdır. Ermənistanın növbəti təxribatını dəf edərkən Azərbaycanın yüksək çinli zabitləri və əsgərləri qəhrəmancasına şəhid olmuşdur

Avropanın ən böyük diaspora təşkilatı olan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi işğalçı ölkənin növbəti qanlı həmləsini, erməni şovinistlərinin son iki əsrdə ölkəmizə və xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq və terror siyasətinin davamı kimi qiymətləndirir, BMT və ATƏT-dən ikili standartlarına son qoyaraq Ermənistanın azğınlaşmış təxribatlarına qarşı ciddi ölçü götürülməsini tələb edir”.

Bəyanatda daha sonra deyilir ki, işğalçı ölkənin bu təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun apardığı danışıqları ciddi şəkildə şübhə altına alır. Çox təəssüflər olsun ki, ermənistan hakimiyyəti indiyədək, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qəbul etdiyi 4 qətnaməyə məhəl qoymadan işğalçılıq siyasətini bu gündə davam etdirir. BMT-nin, Avropa Şurasının, Avropa Birliyinin, İslam Konfransı Təşkilatının və digər beynəlxalq qurumların və dünya birliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlarına Ermənistan tərəfindən hörmətsizlik nümayiş etdirilir. Bu gün Ermənistan hakimiyyəti təxribatçı hərəkətləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə sürükləməyə çalışır. Bu cür məsuliyyətsiz hərəkətlə işğalçı ölkə bir daha beynəlxalq hüquq normalarına laqeyd olduğunu, BMT,ATƏT və digər beynəlxalq təşkilatların qətnamə və müraciətlərinə əhəmiyyət vermədiklərini bir daha nümayiş etdirir.

BUAK hesab edir ki, Ermənistan hakimiyyəti bu təxribatçı hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Biz BMT və ATƏT-in Minsk Qrupundan Ermənistanın işğalçı siyasətinə ədalətli cavab verilməsini və öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görməsini tələb edirik deyə bəyanatda bildirilir.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …