Cəlilabad şəhərində I Qarabağ müharibəsi şəhidi Şükür Xudiyevin barelyefinin açılış mərasimi keçirilib.
Boyukmillet.com xəbər verir ki, mərasim şəhidin təhsil aldığı Cəlilabad şəhər 5 saylı orta məktəbdə baş tutub.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailə üzvləri, məktəbin pedaqoji kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycanın himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid Şükür Xudiyevin keçdiyi şərəfli ömür yolundan, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi igidlikdən danışıblar.
Tədbirdə məktəblilərin ifasında vətən mövzulu poeziya nümunələri də səslənib. Sonra isə şəhid baralyefinin təntənəli açılışı edilib.
Qeyd edək ki, 1975-ci ildə Cəlilabad şəhərində dünyaya gələn Şükür Xudiyev 1981-1991-ci illərdə bu məktəbdə təhsil alıb. 1992-ci ildə Vətən torpaqları uğrunda müharibəyə yollanan Şükür Xudiyev 1993-cü ildə Ağdərə istiqamətində, hazırda azad edilmiş Suqovşanda şəhid olub. 1994-cü ildən şəhər 5 saylı məktəb onun adını daşıyır.