Çin hökuməti Avrasiya məsələləri üzrə xüsusi elçisi Li Huini Qərb və Kiyevin təşəbbüsü ilə Ciddədə baş tutacaq Ukrayna üzrə məsləhətləşmələrə göndərməyi planlaşdırır.
Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Avropa və Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin fikrincə, Pekin bu ilin iyununda Kopenhagendə keçirilmiş əvvəlki məsləhətləşmələrdə iştirakdan çəkindiyi üçün belə bir addımla mövqeyində əhəmiyyətli dəyişiklik etdiyini göstərmək istəyir.
İyulun 29-da WSJ mənbələrə istinadən bildirib ki, Səudiyyə Ərəbistanı avqustun 5-6-da Ciddədə Ukrayna üzrə sülh danışıqları keçirməyi planlaşdırır. Nəşrin məlumatına görə, Ciddədə 30 ölkədən yüksək rütbəli məmurlar toplaşacaq, lakin Rusiya bu siyahıda yoxdur. Tədbirdə iyunun 24-də Danimarka paytaxtında Ukrayna ilə bağlı ilk beynəlxalq toplantıda iştirak etmiş dövlətlərin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.