Cümə , 13 Mart 2026
Drone Cameras

“Çindəki müsəlmanlar İran, İraq və Əfqanıstandakılardan daha xoşbəxtdir” – Çin diplomatından Bakı açıqlaması

2019–2025-ci illərdə Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi olmuş Vu Honqbo XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxış edib.

Boyukmillet.com bildirir ki, diplomat çıxışında hazırda dünyada müşahidə olunan turbulentlik və qeyri-müəyyənlik fonunda Çinin qlobal idarəetmə ilə bağlı öz yanaşmalarını və təşəbbüslərini irəli sürdüyünü bildirib. Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə bütün dövlətlər – istər zəngin, istər kasıb, istər böyük, istərsə də kiçik ölkələr bərabər hüquqlara malik olmalıdır.

Vu Honqbo vurğulayıb ki, xüsusilə inkişaf etməkdə olan ölkələr, dənizə çıxışı olmayan dövlətlər və kiçik ada ölkələri inkişaf etmiş dövlətlərlə eyni suverenlik və bərabərlik hüququna sahibdir. Onun fikrincə, beynəlxalq münasibətlərdə əsas prinsip güc deyil, hüquq olmalıdır.

Diplomat bildirib ki, Çin beynəlxalq ictimaiyyət üçün müxtəlif təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər beynəlxalq hüquq və dövlətlər arasında əməkdaşlıq prinsiplərinə əsaslanır. O qeyd edib ki, beynəlxalq hüququn aliliyi bu yanaşmanın əsas elementlərindən biridir: “Beynəlxalq hüququn aliliyi dedikdə biz Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə və beynəlxalq konvensiyalara əsaslanan hüquqi sistemi nəzərdə tuturuq. Düşünürəm ki, dünyada heç bir ölkə “cəngəllik qanunlarına” qayıtmaq istəmir”.

Vu Honqbo həmçinin beynəlxalq münasibətlərdə cəzasızlıq mühitinin aradan qaldırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, heç bir dövlət beynəlxalq məsuliyyətdən yayınmamalı və Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrin suverenliyi pozulmamalıdır.

Diplomat çıxışının sonunda çoxtərəflilik məsələsinə də toxunaraq bildirib ki, bəzi dairələr BMT-ni zəif hesab etsə də, təşkilat beynəlxalq sistem üçün vacib platformadır. Onun sözlərinə görə, mövcud reallıqlar nəzərə alınaraq BMT sistemində müəyyən islahatların aparılmasına ehtiyac var.

Onun sözlərinə görə, Çin tərəfindən irəli sürülən təşəbbüslərə artıq 150-dən çox ölkə və beynəlxalq təşkilat qoşulub. Bu isə göstərir ki, söhbət yalnız bir dövlətin təşəbbüsündən deyil, beynəlxalq ictimaiyyətin dəstəklədiyi kollektiv ideyadan gedir.

Vu Honqbo çıxışında Çindəki etnik və dini müxtəliflik məsələsinə də toxunub. O bildirib ki, özü xarici diplomatlarla birlikdə Şanxay şəhərinə səfər edib və orada yaşayan müsəlman icmaları ilə tanış olub:

“Həmin bölgələrdə yaşayan müsəlmanlar İran, İraq və Əfqanıstandakılardan daha xoşbəxtdir”.

Xalidə Gəray
Musavat.com

Check Also

Vensə Qarabağla bağlı kitab hədiyyə etdi – Paşinyan işdən çıxardı

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad …