Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

CPJ Azərbaycanda jurnalistlərə qarşı repressiyanı pisləyir

“Azərbaycan jurnalistləri qorxutmaq taktikasından istifadəni dayandırmalıdır”

Azərbaycan hakimiyyəti ölkədə qalan bir neçə müstəqil media orqanına qarşı repressiyanı davam etdirir.

Bu repressiyaların bir hissəsi olaraq son həftələrdə həbsdə olan 11 jurnalistin məhkəməyə qədər həbs müddətini uzadıb.

Bu barədə Nyu-Yorkda yerləşən Jurnalistəri Müdafiə Komitəsinin (CPJ) bəyanatında deyilir.

CPJ bildirir ki, həmin jurnalistlər noyabrdan bəri Qərb donorlarından maliyyə vəsaitlərinin alınması ilə bağlı valyuta qaçaqmalçılığında ittiham olunan dörd müstəqil orqanın 13 media işçisi arasındadır.

CPJ bu bəyanatla Azərbaycanla Qərb arasında münasibətlərin azaldığı bir zamanda, ölkənin noyabrda COP29 iqlim konfransına ev sahibliyi etməyə hazırlaşdığı vaxtda çıxış edib.

CPJ-nin Nyu Yorkdakı proqram direktoru Karlos Martinez de la Serna deyib ki, Azərbaycan jurnalistləri həbs və səyahət qadağaları ilə susdurmaq, qorxutmaq taktikasından istifadəni dayandırmalıdır:

“Hakimiyyət bütün ittihamları və hərəkətlərinə qoyulan məhdudiyyətləri ləğv etməli, hələ də həbsdə olanları dərhal azad etməlidir”.

Bu jurnalistlərin həbs müddətləri uzadılıb:

  • Araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddəti iyulun 9-da 2 ay bir həftə uzadılıb;
  • “Toplum TV”-nin video redaktoru Müşfiq Cabbarın həbs müddəti iyulun 4-də üç ay uzadılıb;
  • “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədlinin həbs müddəti iyulun 3-də 3 ay uzadılıb;
  • “Kanal 13”-ün direktoru Əziz Orucovun həbs müddəti iyunun 25-də 3 ay uzadılıb;
  • “Kanal 13”-ün jurnalisti Şamo Eminovun həbs müddəti iyunun 25-də 3 ay uzadılıb;
  • “meclis.info”-nun təsisçisi İmran Əliyevin həbs müddəti iyunun 13-də 2 ay uzadılıb;
  • “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı və layihə rəhbəri Məhəmməd Kekalovun həbs müddətu iyunun 12-də 3 ay uzadılıb;
  • “Abzas Media”nın jurnalisti Nərgiz Absalamovanın həbs müddəti iyunun 11-də 3 ay uzadılıb;
  • “Abzas Media”nın jurnalisti Elnarə Qasımovanın həbs müddəti iyunun 10-da iki ay uzadılıb.

CPJ qeyd edir ki, səlahiyyətlilər Ələsgər Məmmədlinin qalxanabənzər vəzin xərçəngi şübhəsilə bağlı əlavə müayinələrdən keçməsi üçün onun ev dustaqlığına köçürülməsi ilə bağlı çoxsaylı vəsatətləri rədd edib. Onun qohumlarının həbsdə olarkən natamam tibbi müayinədən keçməsi ilə bağlı dediklərindən sonra BMT-nin İnsan Hüquqları Şurasına şikayət edilib.

”Toplum TV”-nin jurnalistləri Fərid İsmayılov və Elmir Abbasov məhkəməyə qədər ölkədən çıxış qadağası ilə azadlığa buraxılıblar.

“Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinən jurnalistlərin hamısını 8 ilə qədər həbs cəzası gözləyir. Azərbaycan qanunvericiliyi xarici qrantlar üçün rəsmi icazə tələb edir ki, bu da müntəzəm olaraq rədd edilir, hakimiyyət isə yerli maliyyə mənbələrini sıxışdırmaq üçün reklamçılara təzyiq göstərir”.

CPJ bildirir ki, iyulun 5-də “Arqument.az” müstəqil xəbər saytının rəhbəri, keçmiş “Toplum TV”əməkdaşı Şəmşad Ağa “Toplum TV” işi üzrə şahid qismində dindirib. Dindirilmə zamanı ona səyahət qadağası altında olduğunu bildirilib. CPJ ən azı 20 digər jurnalistin də ölkədən çıxışına qadağa qoyula biləcəyi və bəzilərinin bank hesablarının dondurulacağı ilə bağlı xəbərləri araşdırır.

“Fevralda ardıcıl 5-ci müddətə prezident seçilən Azərbaycan Prezidenti İlham Əliyev həbslərlə bağlı tənqidləri rədd edərək bildirib ki, Azərbaycan “media mühitini xarici mənfi təsirlərdən qorumalıdır” və “qanunsuz olaraq xaricdən maliyyə alan” media nümayəndələri həbs olunublar”.

CPJ məhkəməyə qədər müddətin uzadılması və səyahət qadağaları ilə bağlı şərh almaq üçün Daxili İşlər Nazirliyinə, Ələsgər Məmmədlinin tibbi müayinəsi ilə bağlı şərh almaq üçün Penitensiar Xidmətə elektron məktub göndərib, lakin heç bir cavab almayıb.

2023-cü ilin noyabrından bu yana Azərbaycanda 20-dək jurnalist, ictimai fəal həbs edilib.
Əvvəlcə həbslər “AbzasMedia” işi ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onların hazırda həbs müddətləri artırılıb. Həmin şəxslər qaçaqmalçılıqda ittiham edilirlər. Amma özləri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Daha sonra həbslər “Toplum TV” işi üzrə davam edib. Bu il martın 6-da polis “Toplum TV” internet telekanalına reyd keçirərək kanalın ofisini bağlayıb. Kanalın təsisçisi Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Rəsmilər isə açıqlamalarında ölkədə heç kimin sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmədiyini bildirirlər.

Check Also

MŞ-nin sədr müavini: Xarici qüvvələr Azərbaycana qarşı mediada dezinformasiyalar yaymağa cəhd edirlər

Xarici qüvvələr Azərbaycana qarşı mediada Qarabağ məsələsi, din, insan haqları mövzusunda dezinformasiyalar yaymağa cəhd edirlər. …