Çərşənbə axşamı , 21 Sentyabr 2021
Home » Dünya » Ədəbi əlaqələrin meqapolis alimi – Vaqif Arzumanlı

Ədəbi əlaqələrin meqapolis alimi – Vaqif Arzumanlı

Vaqif Arzumanlı – 70

Bilirəm ki, “meqapolis” termini tamamilə başqa bir sahədə istifadə olunan anlayışdır. Amma bilərəkdən, bu anlayışı professor, filologiya elmləri doktoru, Beynəlxalq Eko-İnformasiya Akademi-yasının akademiki, filoloq-tarixçi, politoloq, elm şəhərinin əbədi sakini Vaqif Arzumanlıya şamil edirəm və bu məqaləni də ürəyimin sızıltısı ilə yazıram. Vaqif mənim 1969-cu ildən bu günə qədər ən yaxın, əziz, ailəvi dostum idi… 

Bunu bütün ədəbi ictimaiyyət, ətrafımız, mühitimiz, qohum-qardaş yaxşı bilir və izaha ehtiyac yoxdur… Belə bir insanın, şəxsiyyətin, alimin, meqa təfəkkür sahibinin, dostun itgisinin də, nə demək olduğunun da izaha ehtiyac yoxdur… Onu vaxtsız-vədəsiz itirdik, yaşasaydı 70 yaşı tamam olardı və onun yubileyini təntənə ilə keçirərdik… Necə ki, 50, 60, 65 yubileylərini təntənəli şəkildə keçirmişdik…

Vaqif Arzumanlı çox dəyərli, həssas, Avropa ziyalılığı ilə Şərq ziyalılığını birləşdirən, çoxyönlü elmi-ictimai fəaliyyəti olan, dost, alim, bəşəri miqyaslı ziyalı idi… Onun haqqında vaxtilə yazdığım məqalələrin birini “Uzaqları yaxınlşdıran alim” adlandırmışdım… Bu onun nəin ki, elmi fəaliyyətini, həmçinin insani fəaliyyətinin də, yaşam tərzinin də ən bariz, xarakterik və ona çox yaraşan xüsusiyyətlərindən idi… O, bu hissi təkcə ətrafına deyil, mühitinə, millətinə, əlaqə yaratdığı millətlərə belə aşılaya bilirdi. Ətrafına birlik və dostluq şəfəqləri saçan və Azərbaycanı dünyaya tanınıtmaq gücünə, enerjisinə, məsləkinə malik olan bu istedadlı ziyalımız olduqca zəngin, maraqlı, dəyərli bir alim-ziyalı ömrü sürmüş, yardadıcılıq yolu keçmişdir. Vaqif Arzumanlı ömrünün, yaradıcılığının palitrası çox zəngindir, əlvandır, çoxçeşidlidir… Vaqif Arzumanlı 1947-ci il matr ayının 05-də Azərbaycan Respublikasının Quba rayonunda anadan olub. Əslən Söhüb kəndindəndirlər. 100 ildən çox yaşamış pəhləvan babası Arzuman kişinin Çar Rusiyyası tərəfindən, el arasında “Nikolay padşahı”ndan aldığı pasportu xüsusi qürurla və fərəhlə göstərərdi… Çünki o dövrün az-az adamlarında belə möhürlü pasport olmuşdu… Həm də, inamla deyərdi ki, mən də babam kimi 100 il ömür sürəcəyəm… Fələk aman vermədi…

Vaqif Arzumanov (sonralar soyad sonluqlarının dəyişilmə imkanlarının ilk mərhələsindəcə çətinliklə də olsa, soyadını dəyişmiş, Arzumanlı soyad ilə tanınmışdı) onbirillik məktəbi qızıl medalla bitirdikdən sonra 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdı. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyytı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxumuşdu. Bizim ilk tanışlığımız da bu illərə təsadüf edir, aspiranturaya bir yerdə, bir vaxta imtahan verirdik. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləmiş, 1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri vəzifəsində çalışmışdı. V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru işləmişdi. İnstitut elmi strukturdan çıxandn sonra, 2002-ci ildənn AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinə rəhbərlik edirdi.

V.Arzumanlı coşqun, məhsuldar elmi fəaliyyətə malik alimlərimizdəndir. Litva-Azərbaycan ədəbi əlaqələr istiqamətində apardığı tədqiqatlar istiqamətində 1973-cü ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1991-ci ildən professor adı almışdı. Beynəlxalq Eko – İnformasiya Akademiyasının akademiki (1996) adına layiq görülmüşdü. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1979), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000) idi.

Vaqif Arzumanlı beynəlxalq statuslu ictimai təşkilatlarda da fəal iştirak edirdi, səmərəli işi, nüfuzu ilə fərqlənirdi. O, “Alman-Azərbaycan Cəmiyyəti” İdarə Heyətinin üzvü (1992), Beynəlxalq “Soydaş” Assosiasiyasının vitse-prezidenti (1994), Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti (1996),”Quba Xeyriyyə Cəmiyyəti”nin sədri (1996),Türkiyəni və S.Dəmirəli Sevərlər Cəmiyyətinin həmsədri (1999), İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzinin Prezidenti (2002), Dünya Azərbaycanlıları Konqresinin (DAK)sədrinin müavini (2007), İdarə heyətinin üzvü, DAK Divanının həmsədri, Beynəlxalq Diaspor Mərkəzi İB-nin sədr müavini (2009) təkin ictimai vəzifələrdə fəaliyyət göstərmişdi.

Elmi fəaliyyət nəşriyyat işi ilə sıx əlaqədardır. Nəşriyyat qurumu elmi işlərə can verir, həyat verir. Bunu əla bilən Vaqif Arzumanlı Azərbaycan elminə xüsusi səmərə verən bir nəşriyyat sistemi yaratmışdı. V.Arzumanlı “Elturan”(“Milli məsələlər”) (1992) və “Diasporun səsi” (2009) jurnallarının və “Ədəbi Əlaqələr” toplusunun (2005) baş redaktoru, “Qartal” nəşriyyatının direktoru (1999) kimi onlarla elmi əsərlərə, monoqrafiyalara, məqalələrə həyat vəsiqəsi bəxş etmişdi.

Vaqif Arzumanlı Respublikanın ali təlim-təhsil sahəsində də, bir pedaoq-profesor kimi tanınmış, yüzlərlə tələbələrin sevimlisinə çevrilmişdi. 1974-cü ildən Bakı Dövlət Universitetinin müəllimi və professoru idi. 1973-1974-cü illərdə M.F.Axundzadə adına RDƏ İnstitutunda (indiki Slavyan Universiteti), 1976-1987-ci illərdə İrəvan Pedaqojı İnstitutunun Azərbaycan bölməsində dərs demiş, mühazirələr oxumuşdu.

Onun şəxsiyyəti və elmi fəaliyyəti haqqında müxtəlif illərdə xeyli məqalə və iki monoqrafiya yazılmışdı. Onun adı bir sıra xarici ölkələrdə nəşr edilmiş ensiklopediyalara salınmışdı. V.Arzumanlı Azərbaycan dilindən Litva dilinə, Litva , latış və rus dillərindən Azərbaycan dilinə ondan artıq kitab tərcümə etmişdi. Elmiəsərləri, kitab ,monoqrafiya və məqalələri rus, Ukrayna, alman, türk, Litva, latış, eston, belarus, polyak, ərəb, fars, ingilis və başqa dillərdə nəşr edilmişdir.

50-dən artıq xarici ölkədə işgüzar səfərlərdə və elmi ezamiyyətlərdə olmuş, bir sıra Beynəlxalq simpozium, konfrans və müşavirələrdə iştirak etmişdi. V.Arzumanlı 2000, 2005 və 2010-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatliğına namizəd kimi qeydə alınmışdı. Üç dəfə AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülmüşdür (2001, 2007, 2012). Litva və Belarus Respublikaları Ali Sovetlərinin, Respublikamızın bəzi elm və təhsil ocaqlarının, ayrı-ayrı təşkilatların Fəxri Fərmanları, eləcə də Azərbaycanın, Litvanın, Latviyanın, Estoniyanın, Ukraynanın, İraqın, Tatarıstanın bir sıra ədəbi mükafatları və medalları ilə (1964-2012) təltif olunmuş, Milli qəhrəman Əlif Haciyev adına, görkəmli türkoloq Bəkir Çobanzadə adına Beynəlxalq mükafatlara, eləcə də “Qızıl qələm” və “Mir Cəlal Paşayev” mükafatlarına layiq görülmüşdü.

İki monoqrafiyası (“ Nizami Gəncəvinin dünya şöhrəti”, “Dəyərli ustad”) Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunmuşdu (1997, 2012). 2012-ci ildə Azərbaycan ədəbiyyatının tədqiqi, ədəbi əlaqələr sahəsində səmərəli elmi fəaliyyəti və anadan olmasının 65-illiyi münasibətilə Fədakar alim diplomuna və mükafatına layiq görülmüşdü. Xocalı şəhərinin fəxri vətəndaşı seçilmişdi. V.Arzumanlı 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin, müsahibənin müəllifidir. Onlardan cüzi bir qismini xatırlatsaq, yerinə düşər: “Azərbaycan və Baltik xalqalarının ədəbi əlaqələri” (1972), “Ədəbiyyətə qovuşan sənət” (1976) “Yaradıcılıq qardaşları” (Vilnüs 1976), “Azərbaycan-Litva ədəbi əlaqələri” (1978), “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” (1982), “Azərbaycan-Pribaltika ədəbi əlaqələri” (1990), “1918-ci il Mart qırğınları” (1995), “Nizami Gəncəvinin dünya şöhrəti” (1997), “Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq.(Nazim Mustafa ilə)” (1998), “Azərbaycan Respublikası və türk ziyalılığının Mərkəzi Asiya və Şimali Qafqazda təşəkkülü” (2000), “Azərbaycan Diasporu” (2001), “Mirzəşəfişünaslıqda yeni mərhələ” (2005), “Azərbaycanın ən qədim şəhəri-Dəmirqapı Dərbənd” (2009), “Dədə Qorqudun qəbrinin izi ilə” (2012) “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” (2012) qəbildən əsərləri Vaqif Arzumanlının çoxşaxəli yaradıcılıq dipozonunu təsəvvürə gətirməyə yardımçı olar…

Vaqif Arzumanlının ən böyük xidmətlərindən biri də “Dədəd Qorqud” ana kitabımızın Litva dilinə tərcüməsi faktıdır. Belə ki, əsər litvaca 1978-ci ildə Vilnüsdə “Vaga” (“Şırım”) nəşriyyatı tərəfindən çapdan buraxılmışdır (“Dede Gorgudo sakmes“. Vilnius, “Vaga”, 1978). Dastanı, Vaqif Arzumanlı Azərbaycan dilindən litvacaya görkəmli Litva şairi və tərcüməçi Sigitas Geda (1943-2008) birlikdə tərcümə etmişdilər. V. Arzumanlı həmçinin bu nəşrə yazdığı “Dədə Qorqud dastanları barədə” adlı ön sözün müəllifidir… Həmçinin, onun Mirzə Şəfi Vazeh haqqında tədqiqatı da, o dövrün mühüm elmi hadisələrindən idi… 
Vaqif Arzumanlı 60-dan artıq elmi əsərin redaktoru və ön sözün müəllifidir. Ədəbi əlaqələr və milli münasibətlər sahəsində gənc alimlərin və mütəxəssislərin

yetişdirilməsində fəal iştirak etmiş, 30-dan artıq aspirant, dissertant, doktorantın elmi rəhbəri, elmi məsləhətçisi olmuşdu. Uzun müddət Azərbaycan Mərkəzi televiziyasında apardığı “Vətəndaş” proqramı onun Azərbaycan sevdalı bir vətəndaş kimi boyuna biçilmişdi…

Vaqif Arzumanlının qələm dostları onun haqqında yazdığı məqalələrdə onun yaradıcı şəxsiyyətini dəyərləndirmiş, onu “İctimai xadim və elmi təşkilatçı” (Bəkir Nəbiyev, akademik), “Geniş yaradıcılıq imkanlı alim” (Cəmil Quliyev, akademik), “Yazşı insan, geniş erudisiyalı alim-vətəndaş; yeni fikirlər, maraqlı faktlar tədqiqatçısı””(Aslan Abbasov, millət vəkili), “Mən iftixar edirəm ki, Vaqif müəllimlə tanışam” (Böyük Bəy Rəsuloğlu, DAHM komitəsinin sədri), “Pribaltikanın Azərbaycana, Azərbaycanın Avropaya pəncərəsi” (İntiqam Mehdiyev, yazıçı-jurnalist), “Azərbaycan ruhunu Avropaya daşıyan alimimiz” (Nizaməddin Şəmsizadə, doktor-professor), “Mənim icmalçı, politoloq ustadım” (Rüstəm Məmmədov, doktor-profesor, Millət Vəkili), “Arayıb-axtaran araşdırıcı, gözəl alim, qayğıkeş insan.” (Teymur Əhmədov, doktor-professor), “Düzlüyü, doğruluğu sevən alim” (Müslüm Məmmədov, tarix elmlər doktoru), “Fenomen şəxsiyyət” (İmran Xəlilov, yazısı-tərcüməçi, AE-inin şöbə müdiri), “Ünsiyyət körpüsü” (Nazif Qəhrəman, doktor-professor), “Özgürlüyü və özü olan alim-dost” (Qurban Bayramov f.f.d.), “Gözəl alim, gözəl dost” ( Söhrab Tahir, xalq şairi), “Elmimizin canlı ensklopediyası” (İradə Sarıyeva, jurnalist) adlandırmışlar ki, bu da onun ziyalı şəxsiyyətini müxtəlif yönlərdən səciyyələndirir…

Bu sözlər də, gənc, heç bir kompromisə qapılmayan jurnalist İradə xanımın sözləridir: “Vaqif Arzumanlı bütöv Azərbaycan boyda bir Vətən oğlu kimi yadımda qalıb. Güney Azərbaycandan, İrəvandan, Dərbənddən, Borçalıdan, Kərkükdən danışanda çox həyəcanlanırdı professor. Bu yurdlarımızın tarixini, etnoqrafiyasını, folklorunu elə gözəl bilirdi ki, adam onun sözlərindən doymurdu.”

Ürəyi yaşamaq-yaratmaq təşnəsi ilə, həyat eşqi ilə dolu olan Vaqif Arzumanlı 2014-cü ilin iyul ayın 9-da Nabrandakı bağ evində ağır xəstəlikdən – uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdikdən sonra dünyasını dəyişmişdi… İyulun 10-da Xudatda öz vəsiyyəti ilə anasının, əqrabalarının dəfn olunduğu “Şıxlar” qəbiristanlığında torpağa tapşırıldı. İlahi, Vaqif anasını, ömrü boyu müəllimə işləmiş anası Fatma xanımı necə də sevirdi!? Vətənini anası, anasını da Vətən torpağı qədər sevərdi… İndi hər ikisinə qovuşaraq rahatlandı…

Pir bulağının yamacında, qocaman Vələs və Qarağac meşəsinin kölgəliyində baş verən dəfn mərasimində onu tanıyan, qiymətləndirən elm adamlarının, ədəbi itimaiyyətin, qələm dostlarının, yerli camaatın əkəriyyəti izdihamla iştirak edirdi. Dəfn mərasimini idarə edən AMEA-nın vitse-prezidenti, AMEA Nizani Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəylinin mənalı nitqi, kövrək, tirək səsi indinin özündə də qulaqlarımdan getmir. Millət vəkili Sabir Rüstəmxanlının, akademik Teymur Kərimlinin, digər qələm dostlarının, yeli idarəetmə orqanlarının nümyəndələrinin dəfn mərasimindəki çıxışları mərhumu son mənzilə özünəlayiq bir şərafətlə yola saldı…

Bu gün də, bura yığışan elm və ədəbi ictimaiyyətin görkəmli nümayəndələri, qələm dostları, iş yoldaşları, tələbələri olmuş adamlar, yaxınları Vaqif Arzumanlının 70 illik yubiley mərasiminə yığışaraq onun şərafətli həyat yolunu şərafətlə qeyd edirlər… 
Vaqif Arzumanlı elə bir həyat və yaradıcılıq yolu keçibdir ki, heç bir vaxt unudulmayacaqdır… 
Ruhun şad olsun, birlikdə acılı-şirinli günlər, illər keçirdiyimiz, hər gün andığım, xatırladığım əziz dostum, Vaqif Arzumanlı! 
Sənzsiz qeyd etdiyimiz 70 yaşın mübarək!..

Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas.

Check Also

Azərbaycanın gənclər və idman naziri Türk Şurasının iclasında iştirak edir

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Şurasının gənclər və idman nazirlərinin 5-ci iclası keçirilir. İclasda Azərbaycanın …