Andorrada ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun ilk iclası keçirilib.
İclasda Azərbaycanın və Çinin birgə təşkilatçılığı ilə Bakıda “Bir kəmər, bir yol” layihəsinə həsr olunan beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul edilib. Tədbirin tarixi, gündəliyi və iştirakçıları barədə məlumatın qısa müddət ərzində hazırlanıb üzv ölkələrə göndərilməsi qrupun katibliyinə tapşırılıb. Bundan başqa, Gürcüstan nümayəndə heyətinin üzvü Corc Tseritelinin İpək Yoluna Dəstək Qrupunun növbəti tədbirinin Gürcüstanda hökumət nümayəndələrinin iştirakı ilə keçirilməsi haqqında irəli sürdüyü təşəbbüs də dəstəklənib.
İclasda çıxış edən Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə həyətinin rəhbəri Bahar Muradova “Bir kəmər, bir yol” layihəsi ilə bağlı Bakıda keçiriləcək konfransın əhəmiyyətini vurğulayıb və iştirakçıları Azərbaycan parlamenti adından tədbirin yüksək səviyyədə təşkil olunacağına əmin edib. İclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev təmsil etdiyi qurumun İpək Yoluna Dəstək Qrupu ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib və 2018-ci ildə İstanbulda birgə tədbirin keçirilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib. Sonda İpək Yoluna Dəstək Qrupunun loqosu, saytı, Tvitter hesabı və videoçarxı nümayiş etdirilib.
Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu bu il iyul ayının 8-də Azay Quliyevin təşəbbüsü ilə Parlament Assambleyasının Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilib. Bu təşəbbüs 17 ölkə – Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən dəstəklənib və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılıb.
Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrin sayı 20-yə çatıb.