79-il öncə – 1945-ci il dekabrın 12-də Azərbaycan türkləri azadlıq, ədalət və müstəqil dövlətçilik ideyası əsasında Güney Azərbaycanda Milli Hökumət qurdu. Bununla millətimiz mədəni hüquqlarını, milli kimliyini və iqtisadi rifahını təmin edən demokratik bir toplumda yaşamaq istəyini gerçəkləşdirmiş oldu. Bir il ərzində Pişəvərliyinin rəhbər olduğu Milli Hökumət xalqın da dəstəyi ilə inqilabi dəyişikliklər həyata keçirdi. Onlardan ən önəmlisi Azərbaycan dilinin dövlət dili elan edilməsi oldu. Milli məktəblərin ölkənin hər yerində açılması Milli Hökumətin daha bir əhəmiyyətli addımı oldu. İcbari təhsil proqramı və ana dilində dərsliklərin hazırlanmasına başlanıldı. İlk dəfə Təbrizdə müasir tələblərə cavab verən Universitet açıldı. Onlarla kitabxana və mədəniyyət ocağı fəaliyyətə başladı. Demokratik ədəbiyyatı inkişaf etdirmək üçün milli mətbəə və Yazıçılar Cəmiyyəti yaradıldı. Bundan əlavə, Milli Hökumətin qəbul etdiyi qanunlarla torpaq məsələsi həll edildi, yeni taxıl növlərinin əkilməsi, texnikaların alınması prosesi başlandı. Ümumilikdə Milli Hökumətin apardığı islahatlar, verdiyi fərmanlar ilk dəfə Güney Azərbaycan xalqını milli-mədəni dəyərlər əsasında sıx birləşdirdi və milli şüuru, ictimai fəallığı qısa müddətdə inkişaf etdirdi.
Milli dövlətçilik tariximizin dönüş nöqtəsi olan Azərbaycan Milli Hökuməti bir çox uğurlara imza atsa da, Pəhləvi rejiminin siyasəti və amansız hərbi cinayətləri nəticəsində onun fəaliyyətinə son verildi. Bununla belə azadlıqsevər millətimiz özünün milli ideyalarına söykənən demokratik istəklərindən vaz keçməyərək mübarizəsini davam etdirməkdədir.
Bu gün Güney Azərbaycanda şovinist fars-molla rejiminə qarşı milyonlarla soydaşımızın birləşmiş gücü durmaqdadır. Hər cürt sərt represiyaya, təzyiqlərə rəğmən Azərbaycan türkləri öz hürriyyəti və istiqlalı uğrunda mübarizədən çəkilməyib.
Dünya Azərbaycanlıları Konqresi olaraq 21 Azər şəhidlərinin və azadlıq yolunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini sayğı ilə anır və bir gün böyük qələbəmizlə onların ruhunun şad olacağına inanırıq.
Yaşasın Azad, Bütöv və Demokratik Azərbaycan!
Sabir Rüstəmxanlı
Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Xalq şairi
Check Also
Ermənistan Azərbaycan ərazisində vətəndaşlarına mülkiyyət hüququ verib
Paşinyan məsələnin araşdırıldığını deyir Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında vətəndaşlara mülkiyyət hüququ verib. Bu barədə …