Bu gün işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə www.yolumuzqarabaga.az portalında biletlər satışa çıxarıldıqdan bir müddət sonra bir neçə qurum arasında məlumat mübadiləsi zamanı texniki problem yaranıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) portalda yaranan problemlə bağlı açıqlamasında bildirilib.
“Qısa zaman ərzində texniki problem aradan qaldırılıb. Hazırda www.yolumuzqarabaga.az portalın işi bərpa edilib. Vətəndaşlar tərəfindən bilet alışı adi qaydada davam edir”, – məlumatda deyilir.
Bildirilir ki, təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.