Cümə , 22 Noyabr 2024
Drone Cameras

Daşınmaz əmlak bazarındakı əlçatmaz QİYMƏTLƏR: “Bahalaşmanın olması gözləniləndir” – MÜSAHİBƏ

” Tələbin gün keçdikcə daha çox artdığını nəzərə alsaq, bahalaşmanın olması gözləniləndir. Lakin sui-istifadə hallarının qarşısı alınmalıdır”.

Mövcud şəraitdə ölkədə daşınmaz əmlak kreditləşməsi ilə bağlı ümumi vəziyyət barədə iqtisadçı Vüqar Oruc Yenicag.az-a müsahibə verib.

– Vüqar bəy, hazırda daşınmaz əmlak kreditləşməsi və kirayə mənzil bazarındakı ümumi vəziyyət necədir?
– Daşınmaz əmlak kreditləşməsi ilə bağlı məsələdə əsas iki istiqamət nəzərdə tutulmalıdır. Birincisi, İpoteka və Kredit Zəmanət Fondu xətti ilə ayrılan sosial ipotekalardır. Bu qurum yaranandan təqribən 40 minə yaxın ipoteka krediti verilib və dövlət tərəfindən 2 milyard manata yaxın kredit ayrılıb. Bu, vətəndaşların mənzillə təmin olunması üçün yaradılan şəraitdir. Azərbaycan sosial dövlət olduğuna görə bu istiqamət böyük əhəmiyyət kəsb edir. Vətəndaşların evsizlik probleminin həlli ilə yanaşı, mənzil fondunun genişləndirilməsi məqsədilə kirayə mənzillərin verilməsinə də başlanılıb. Bu addım birdəfəlik ödəniş etmədən müvafiq ildən etibarən mənzil sahibi olmağa şərait yaradır. Eyni zamanda MİDA vasitəsilə də vətəndaşların mənzillə təmin olunması üçün proqramlar həyata keçirilir.

– Daşınmaz əmlak bazarındakı qiymətləri qənaətbəxş hesab etmək olarmı?
– Konstitusiyaya görə, hər bir vətəndaşın ölkədə yaşayış sahəsi əldə etmək hüququ var. Lakin məlumdur ki, daşınmaz əmlak bazarındakı qiymətlər heç də bütün vətəndaşlar üçün əlçatan deyil. Baxmayaraq ki, mənzillərin 1 kvadratmetri mənzilin yerləşdiyi ərazinin torpaq qiymətindən asılı olaraq dəyişir. Ümumilikdə tikinti xərcləri 400-500 manat civarındadır. Belə olan halda daşınmaz əmlak bazarındakı təklif qiymətləri heç də tikinti xərclərinə uyğun deyil. Bu vəziyyətin tənzimlənməsi üçün dövlət tərəfindən müəyyən addımların atılması gözləniləndir. Bazarda yeni binaların tikintisini təmin etmək və sosial ipoteka proqramlarının qəbulu ilə qiymətlərə müdaxilə etmək mümkündür. Çünki bazar iqtisadiyyatı dövründə hakimiyyət və ya inzibati resursların birbaşa bazar münasibətlərinə qarışmaq hüququ yoxdur. Yəni, hakimiyyət heç cür daşınmaz əmlak bazarında qiymətləri tənzimləyə bilməz. Bu proses məhz bazarda təklif və tələb münasibətlərinə əsasən baş verir.

– Əmlak bazarındakı qiymətlərin əlçatanlığı necə təmin edilməlidir?
– Bu gün mənzillərə tələbat yüksək olduğu üçün qiymətlərdə artım müşahidə olunur. Ötən ayın müvafiq dövrünə nisbətən daşınmaz əmlak bazarında qiymətlər 1.5-2 faiz civarında artıb. Yeni qurulan və yaşayış imkanlarını daha da genişləndirmək istəyən ailələr mövcuddur ki, bu da daşınmaz əmlak bazarında tələbatın artmasına yol açır. Vətəndaşların çətinliklə üzləşməməsi üçün müvafiq qurumlar prosesə müdaxilə etməli və qiymətlərin əlçatan olmasına şərait yaratmalıdır. Bunun üçün iki istiqamət lazımdır. Birincisi, yeni tikilən binalarda vətəndaşların mənzil əldə etməsini təmin etməkdir. İkincisi, sözügedən binalarda mənzillərin qiyməti bazardakı qiymətlərdən nisbətən aşağı olmalıdır. Hazırkı proses vətəndaşların tələbatını tam ödəmək iqtidarında deyil. Tələbin gün keçdikcə daha çox artdığını nəzərə alsaq, bahalaşmanın olması gözləniləndir. Lakin sui-istifadə hallarının qarşısı alınmalıdır.

– Kirayə mənzillərə tələbat hansı səviyyədədir?
– Kirayə evlərin verilməsi yeni istiqamətdir və bu sahədə artıq 1200 nəfərdən çox vətəndaş mənzil əldə edib. Əvvəllər kirayədə qalan şəxslər aylıq ödəniş etsələr də, müəyyən dövrdən sonra mənzilə sahib ola bilmirdilər. İndi isə situasiya fərqlidir. Kirayə götürülən evin ödənişləri müəyyən dövrdə bitdikdən sonra vətəndaşın mülkiyyətinə çevrilir. Bu, olduqca müsbət haldır. Unutmaq olmaz ki, dünya daim inkişafdadır. Bir müddət öncə tətbiq olunan prosedurlar zamanla köhnəlir və yeniliklərə ehtiyac olur. Bu baxımdan mənzillərin əlçatanlığının təmin olunması ilə bağlı atılan addımların təkminləşdirilməsi də baş verir. Pandemiya dövrü və qlobal maliyyə böhranının olmasına baxmayaraq, ölkəmizdə sosialyönlü layihələr davamlı şəkildə həyata keçirilir. Bütün hallarda yeni şəraitə uyğun təkminləşdirmə işlərinin aparılması vacibdir. Yeni yaşayış komplekslərinin salınması, ipoteka kreditləşməsi üçün ayrılan məbləğin artırılması və sahibkarların yeni tikililərinin nəğd mənzil satışından daha çox, məhz kredit və kirayə mənzil növündən istifadə etməklə bazarda təklifinin reallaşdırılması istiqamətində həvəsləndirici addımlar ayılacaq. Ola bilsin ki, tikinti işiylə məşğul olan sahibkarlar üçün dövlət tərəfindən həvəsləndirici addımlar atılsın. Bununla yanaşı, müvafiq nəzarət mexanizmi də tətbiq olunmalıdır. Nəticədə yeni tikili binalar standartlara uyğun keyfiyyətli olacaq.


Gülşən Şərif

Check Also

Deputatlığa namizəd ETİRAZ ETDİ: İcra orqanları camaatı görüşlərə gəlməyə qoymur

Artıq parlament seçkilərinə sayılı günlər qalıb. Bir çox namizədlər isə avqustun 9-dan təbliğat-təşviqat kampaniyası çərçivəsində …