Cümə , 22 Noyabr 2024
Drone Cameras

Daxilimizdə siyasi təxribatçılarla mübarizəyə ictimaiyyətin dəstəyi – Prezident istiqamət açdı…

Samir Adıgözəlli: “Həmin aksiyanı işıqlandıran jurnalistlərdə ciddi faktlar ola bilər”

Prezident İlham Əliyev hökumət üzvləri ilə keçirdiyi virtual müşavirədə ordumuza dəstək məqsədilə təşkil edilən aksiyadan danışıb:

“Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bayaq dediyim kimi, mənə ünvanlanan məktublarda gördüyümüz işlərə tam dəstək ifadə olunur. Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər Xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər – mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında”.

Dövlət başçısı bildirib ki, bu bir daha Azərbaycan xalqının ağır günlərdə bir nöqtəyə vura bildiyini göstərir:”Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər Xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər Xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər. Bütün bu göstərişləri dünən axşam mən Daxili işlər naziri Vilayət Eyvazova verdim. Eyni zamanda dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, “beşinci kolon”un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir. Ona görə Şəhidlər Xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər Xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi. Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, – mən bu gün səhər dedim, – məsuliyyətdən boyun qaçıra bilməyəcək. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir, əgər onlar məhkəmə tərəfindən bu cəzaya layiq görüləcəklərsə. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün biz ictimaiyyətdən də yardım istəyirik. O təxribatçıları tam müəyyən etmək üçün dünən oraya toplaşan vətənpərvər insanlardan da mən xahiş edirəm, əgər o videokadrlarda kimisə, iğtişaş törətmək istəyənləri tanıyırlarsa, məlumat versinlər, biz hamısını tapaq və cəzasını verək”.

Göründüyü kimi, ölkə başçısı həm də xalqın bu nəcib hisslərindən istifadə edən bəzi şəxslərin törətdiyi təxribat addımlarına da işarə edib və həmin adamların tapılıb cəzalandırılmasında ictimaiyyətin də köməklik göstərməsini istəyib. Bu məsələdə ictimaiyyətin dəstəyi hansı formada ola bilər?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli bildirdi ki, məlum aksiyanın sonunda baş verən hərəkət hamını məyus etdi:“Mən prosesləri əvvəldən sona kimi yaxından izləmişəm. Xalqın həssas məqamda orduya, Ali Baş Komandana göstərdiyi dəstək yüksək qiymətə layiqdir. Bununla bütün dünya gördü ki, Azərbaycan xalqı üçün Qarabağ məsələsində vahid mövqe hakimdir. Bu məsələdə xalqın iradəsinin bir olması dövlətimizin mövqeyini də möhkəmlədir. Ölkə başçısının çıxışından aydın oldu ki, həmin proseslər birbaşa onun şəxsi nəzarətində olub və insanların yürüşünə mane olmamaq tapşırığını özü verib. Aksiya böyü çox yaxşı şuarlar səsləndi. Ordumuza, dövlətimizə dəstək ifadə olundu. Amma sonda bir qrup təxribatçı öz məkrli niyyətlərini ortaya qoydu. Parlamentin binasına soxulub oranı dağıtmaq, asayişi qoruyan polis maşınlarını aşırmaqla həmin aksiyanın mahiyyəti qəti uzlaşmır. Onların səsləndirdikləri şuarlardan göründü ki, hansısa təxribatçı qrupları təmsil edirlər. Prezident bizə bununla bağlı çağırış edibsə, biz də bu məslədə dəstəyimizi əsirgəməyəcəyik. Bir neçə təxribatçının həmin an qapıları sındıraraq parlamentin binasına girməsinə bəzi jurnalistlər, hətta cəmiyyətdə tanınan adamlar, təəssüf ki, “Xalq parlamentə girdi” kimi reaksiya verdilər. Belə təxribatçı başlıqlarla statuslar yazıb, şəkillər paylaşdılar. Bəyəm həmin jurnalist və siyasilər bilmir ki, bir-iki elementə xalq demək olmaz? Xalq meyadanda olan, dövlətinə dəstəyini ifadə edən minlərlə insan idi. İctimaiyyətin köməyi bu olar ki, həmin fotolar geniş paylaşılsın. Hər bir təxribatçı ilə bağlı informasiya toplanıb, əlaqədar qurumlara təqdim olunsun. Bu məsələdə QHT-lər, jurnalistlər daha fəal olmalıdır. Həmin aksiyanı işıqlandıran jurnalistlərdə ciddi faktlar ola bilər. Onlara çağırış etmək lazımdır ki,əllərində olan materialları paylaşsınlar, ya da əlaqədar qurumlara təqdim etsinlər. Belə adamlar mütləq layiqli cəzalarını almalıdır. Çünki tam məsuliyyətilə demək olar ki, bunu edənlər Azərbaycan dövlətinin zəifləməsini istəyən qüvvələrdir”.

Dövlətimizin təhlükəsizliyi üçün istənilən peşə sahbi bu istiqaməıtdə bilgilərini, məlumatlarını əlaqədar qurumlara təqdim etməlidir. Bunu etməklə, biz ölkəmizin təhlükəsizliyinə, ordumuzun gücünün artmasına töhfə vermiş olarıq.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …