“Bakı və regionlarda sahibsiz itlərlə bağlı ciddi problemlər var. Bu gün ölkədə heyvanlar üçün kifayət qədər sığınacaq yoxdur. Bununla yanaşı, mövcud problemlə birbaşa məşğul olan aidiyyəti qurum da mövcud deyil”.
Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım komitənin bugünkü iclasında deyib.
Deputat bildirib ki, ölkədə sahibsiz itlərin sayı günbəgün artır:
“Sahibsiz heyvanlar hətta insanlara da zərər verməyə başlayır. Bununla yanaşı küçədə qalan heyvanlara da qayğı lazımdır”.
Quduzluğa qarşı tədbirlərin görülməsinin vacibliyinə toxunan F.Yıldırım əlavə edib ki, təmsil etdiyi Bərdədən sahibsiz heyvanlarla bağlı kütləvi müraciət olur:
“Qadın və uşaqlar axşam saatlarında mövcud problemlərlə bağlı küçəyə çıxmağa çəkinirlər. Dünya ölkələrində məsələnin tənzimlənməsi ilə bağlı təcrübə var. Fərdi qaydada heyvansevərlər sığınacaq açmaq imkanı verilməlidir. Yetəri qədər belə vətəndaşlar var. Sığınacaqlarda könüllü fəaliyyət mexanizmi də qurula bilər”.
Deputat İltizam Yusifov qeyd edib ki, bu gün kimin ürəyi istəyir it saxlayır və ya istəməsə harasa buraxır:
“İt saxlamaq üçün bir məsuliyyət olmalıdır. Dünya təcrübəsində belə təcrübə var ki, sertifikatı olmadan it saxlamaq olmaz. İt saxlamağın mexanizmləri hazırlanmalıdır”.