Cümə , 22 Noyabr 2024
Drone Cameras

Deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni zəfərlərə doğru inamla irəliləyir

Bu ilin birinci rübünün yekunlarının nəticələri ölkəmiz üçün uğurlu oldu. Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə səsləndirilən fikirlər, statistika onu deməyə əsas verir ki, ölkəmiz dinamik inkişaf yolunda inamla addımlayır.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım söyləyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev müşavirədə ölkəmizin sosial-iqtisadi göstəriciləri, beynəlxalq münasibətlər sistemində yeri və rolu, regionda baş verən proseslər, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri barədə fikirlərini ətraflı şəkildə ifadə etdi. Görülən işlər onu deməyə əsas verir ki, bu dövrdə qarşıda duran bütün vəzifələr icra olunub. Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilib və dünyanın aparıcı qurumları Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edirlər.

Deputatın sözlərinə görə, düşünülmüş siyasət nəticəsində həm pandemiya, həm də bizə yaxın regionlarda baş verən mürəkkəb proseslər fonunda ölkəmizin inkişafı təmin edilib. Belə ki, ilin birinci rübündə ümumi daxili məhsulun həcmi 6 faizdən çox artıb. Eləcə də, digər istiqamətlərdə də müsbət nəticələr əldə olunub, büdcə daxilolmalarında profisit yaranıb. Bu müsbət nəticələrin əldə olunmasında dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq İqtisadiyyat Nazirliyinin və hökumətin digər strukturlarının səmərəli fəaliyyəti vacib amillərdən biridir. Hazırda dünyada ərzaq məhsullarının qiymətinin artdığı bir şəraitdə hökumət əhalinin sosial müdafiəsini gücləndirmək, inflyasiyanın qarşısını almaq üçün sistemli tədbirlər görür.

F.Yıldırım qeyd edib ki, müşavirədə Azərbaycan Prezidentinin regionda sülhün təmin olunması üçün verdiyi mesajlardan Ermənistan və müəyyən beynəlxalq dairələr nəticə çıxarmalıdır. Artıq beynəlxalq birlik yeni reallıqları qəbul edir. Hər kəsə aydındır ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz. Bədnam qonşularımızın bizə qarşı apardığı 30 ilə yaxın işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Səmərəsiz fəaliyyəti ilə yadda qalan ATƏT-in Minsk qrupunun yenidən gündəmə gətirmək cəhdinin əsası yoxdur. Çünki yeni mərhələdə ATƏT-in Minsk qrupu artıq lüzumsuz təsisat kimi qəbul olunur. Bəzi qüvvələr ATƏT-in “turizm idarəsi” rolunda çıxış edən Minsk qrupunu yenidən proseslərə cəlb etməyə çalışırdılar. Azərbaycanın mövqeyi isə bəllidir. 30 ilə yaxın müddət ərzində vasitəçilik missiyası daşıyan, amma vəzifəsini yerinə yetirə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyəti etimad və səmimiyyətdən uzaq olub, sülhə, təhlükəsizliyə xidmət etməyib. Münaqişə isə həll edilib, ona görə də ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə artıq heç bir əsas və ehtiyac yoxdur.

Deputat vurğulayıb ki, hazırda əsas məsələ postmüharibə dövründə bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, 10 noyabr Bəyanatında əksini tapan məsələlərin icrası, kommunikasiyaların açılması və digər bir sıra istiqamətlərdə fəaliyyət göstərməkdir. Artıq işğaldan azad edilmiş ərazilərdə böyük miqyasda quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev müşavirədə yekun çıxışını xüsusilə bu məsələyə həsr etdi.

Otuz ilə yaxın doğma yurdlarına həsrət qalan vətəndaşlarımızın bu il arzularına çatacağını qeyd edən F.Yıldırım deyib: “Artıq bu il Böyük Qayıdışın ilk addımı olaraq Zəngilanın Ağalı kəndində insanların qayıdışı təmin olunacaq. Gələn ay Şuşada “Xarıbülbül” festivalı keçiriləcək, azad olunmuş ərazilərdə quruculuq işləri daha böyük vüsət alacaq. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni zəfərlərə doğru inamla irəliləyir”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …