“Xaricdə yaşayan azərbaycanlıların Azərbaycana gəliş-gediş üçün prosedur qaydalarının yüngülləşdirilməsi böyük problemlərdən biridir”.
Bu sözləri Diaspora.TV-yə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, hüquq müdafiəçisi Samir Adıgözəlli deyib. O bildirib ki, qanunvericlikdə bununla bağlı lazımı qərarlar qəbul olunmalıdır:
“Bu məsələ ilə bağlı illərdir ki, deyilir və danışılır. Bəlkə də 10 ildən artıqdır bu mövzu müzakirə olunur. Bu xaricdə yaşayan soydaşlarımızın problemlərindən biridir. Şəxsən mən özüm bir neçə dəfə bu barədə mətbuata açıqlama vermişəm. Bu gün xaricdə bizim nə qədər soydaşımız yaşayır? Azərbaycan Respublikasından bu və ya digər səbəbdən xaricə köçən, vətəndaşlıq alan və yaxud da təhsil alan və müvəqqəti yaşayan insanlar var. Bu gün onların statistikası nə qədərdir? Bu statistika haqqında məlumat çox vacibdir. Amma belə bir statistika yoxdur. Dəqiq rəqəm ictimaiyyət üçün aydın olmalıdır”.
Samir Adıgözəlli deyir ki, xarici ölkələrdə yaşayanların problemlərinin həlli birbaşa Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə daxil olan məsələlərdir:
“Türkiyədə uzun illərdir ki, sənədsiz yaşayan azərbaycanlılar var. Onların “ASAN Xidmət” vasitəsi ilə sənədlərinin hazırlanması məsələsi var ki, bununla da dövlətin müvafiq qurumları maraqlanmalıdır. Bu sənin vətəndaşındır, sənədi yoxdur. Bu günə kimi xarici ölkələrdə yaşayan soydaşlarımız və onların problemləri ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi hansı işi görüb? Hansı hesabatlıq var? Belə bir hesabata hardasa rast gəlmisiniz? Yoxdur belə bir hesabat. Bu komitənin işi ondan ibarət deyil ki, xaricdə hər hansı bir dərnəklə birlikdə Novruz bayramı keçirtsin? Və yaxud da xaricdə yaşayan azərbaycanlının borcudur ki, Azərbaycanın tanıtımı ilə bağlı aksiya keçirtsin. Bir sözlə, xaricdə yaşayan azərbaycanlıların problemləri çoxdur”.