“Azərbaycandakı missiyam oktyabr ayının sonunda başa çatır, gedişim ərəfəsində hisslərimi ifadə etmək və vidalaşmaq üçün uyğun sözləri tapmaq çox çətindir. Sizinlə birlikdə keçirdiyim iki il xatirimdə və qəlbimdə əbədi olaraq qalacaq. Buraya Əlcəzair hökumətinin, artıq 2015-ci ildən Bakıda yaradılmış nümayəndəliyini daha da yüksəltmək, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsinə çalışmaq və səfirlik açmaq missiyası ilə təyin olundum”.
Boyukmmillet.com xəbər verir ki, bunu diplomatik missiyasını başa vuran Əlcəzairin Azərbaycandakı səfiri Səlimə Abdelhak müraciətində deyib.
Onun sözlərinə görə, bu gün Əlcəzair Azərbaycanda akkreditə olunmuş 72 diplomatik nümayəndəlikdən biridir.
Məni COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətləri aşmağa həvəsləndirən bu “odlar diyarında” ölkəmin ilk səfiri olmaq imtiyazına sahib oldum. Bakının keyfiyyətli infrastrukturu qərargah və iqamətgah seçimini asanlaşdırdı. Buna görə də, şəhidlərinin müqavimət və qurbanlıq simvolu olan Əlcəzair bayrağını dalğalandırmaq üçün qərargahı Xəzərin sahilində yerləşən və Bakının ən möhtəşəm prospektlərindən olan Neftçilər prospektində seçdim.
COVID-19 səbəbiylə yaranan məhdudiyyətlərə baxmayaraq, səfirlik seçkilərə, müsahibələrə, bir neçə tədbirə və Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar video-konfranslara ev sahibliyi etdi. Azərbaycan ədəbiyyatının bu böyük siması mənə empatiya filosofu, mütəfəkkir, uzaqgörən və bu gün beynəlxalq humanitar hüququn atası sayılan Əmir Abdelkader yaradıcılığını təkrar etməyimə ilham verib”.
Diplomat qadın bildirib ki, iki xalq arasında ortaq cəhətlər çoxdur: “Ölkənizi və xalqınızı tanıdım, ortaq cəhətlərimizin çox olduğunu, xüsusən də suverenliyimizə, müstəqilliyimizə və ərazi bütövlüyümüzə bağlılığımızı, sülh və inkişafa meylimizi kəşf etdim. Həmçinin, iqtisadiyyatımızın şaxələndirilməsi və neft sektorundan asılılığın azaldılması bağlı eyni ideologiyada olduğumuzu da anladım.
Təbii sərvətlərimizə, xalqlarımızın əzmkarlığına güvənərək qarşıya qoyulan məqsədləri həll etmək üçün böyük qüvvəmizin olduğunu anladım və əməkdaşlıq potensialını araşdırmağa başladım. Bu mövzuda bir çox sahələrdən saysız-hesabsız insanlar tanıdım. Bəzi layihələrə artıq start verilib, Əlcəzair və Bakıda görüşlər keçirilib. Digərləri yeni səfirin gündəmindədir və davam etdiriləcək.
Missiya müddətində mənə göstərdiyiniz isti qarşılama və dəyərli köməyiniz olmadan missiyamın yerinə yetirilməsi mümkün olmazdı. Hər şeydən əvvəl, Əlcəzair vətəndaşı, dözümlü və mübariz xalqın nümayəndəsi və bir qadın kimi, qapılarını mənə açan qurumlar və dövlət məmurları, həmçinin, böyük qayğı və hörmətlə yanaşan əhali və sivil cəmiyyət minnətdarlığımı bildirirəm. Onların Azərbaycan mədəniyyətinin müəyyən aspektlərinə çox yaxın olan çoxşaxəli mədəniyyətimizə maraqlarını xüsusi qiymətləndirirəm.
Ölkəmi hərtərəfli, tarixi, mədəni, iqtisadi mövzuda tanıtmaq üçün birbaşa əlaqəyə üstünlük verən və köşə yazılarına çıxış imkanı verən mətbuata və elm dünyası ADA, Xəzər Universitetinə və UFAZ-a, o cümlədən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, Müqayisəli Ədəbiyyat Assosiasiyası və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə təşəkkürümü bildirirəm.
Bu fərqli görüşlər, tarixlərinin böyük anlarını yaşamaq imtiyazına sahib olan qardaş və qonaqpərvər insanları daha yaxından tanımağıma səbəb oldu. Özümlə Azərbaycan rəngləri ilə dolu virtual bir çamadan götürərək Azərbaycanı tərk edirəm, eyni zamanda, dövlət başçılarımızın, hökumətlərimizin və xalqlarımızın birgə səyləri sayəsində siyasi, sosial, iqtisadi və mədəni əlaqələrimizi daha da möhkəmləndirmək üçün kiçik töhvə verdiyimə inanıram”.