Bu gün Xalq şairi Ramiz Rövşənin doğum günüdür. Ad günü təəssüratlarını bölüşən 73 yaşlı qələm adamı o günü xatırlamasa da, əzablı gün olduğunu səmimi gülüşü ilə ifadə edib:
“Dünyaya gəldiyim günün vəziyyətini xatırlamasam da, çox əziyyətli olduğunu dəqiq bilirəm. Bu gün mənim istirahət günümdür. Bu gün nə yazıram, nə danışıram, ancaq deyilənlərə qulaq asıram”.
Səhərdən çoxsaylı dost təbrikləri qəbul edən R.Rövşən bundan məmnun olduğunu və onu xatırlayan hər kəsə təşəkkürünü bildirib:
“Bu günü dostlarımla tamamilə qeyri-rəsmi şəkildə qeyd edəcəyik. İllərdir rəsmi nə isə etmirəm ad günümlə bağlı. Sadəcə, dostlarımla olacam, özüm də qonaq qismində iştirak edəcəm”.
Xalq şairi bu gün gördüyü münasibətdən 73 illik ömrü əbəs yaşamadığını vurğulayıb:
“İlləri maddiləşdirdiyimə görə elə bilirəm ki, xoşbəxt adamam. Biz şair olaraq illəri, zamanı şerimizlə, sözümüzlə maddiləşdirə bilmişik. Adam var çox işlər görür, amma maddiləşmir, zaman onu unudur. Söz adamları bu baxımdan şanslıdır. Bəzilərindən geriyə sözün əsl mənasında maddi nələrsə qalır, amma biz şairlər zamanı sözlə maddiləşdirə bilmişik. Əslində sənət maddiləşmiş zamandır. Zaman gözlə görünməyən, amma əks olunandır, külək kimi… Onu görə bilməsək də, yarpaqları, ağacları necə tərpətdiyini görürük. Bununla biz əslində küləyin əksini görürük. Zamanın da əksi bizim yazdıqlarımızdır. Nə qədər ki yaşayırsan, zamanı əks etdirməyə məhkumsan. Bu mənada zamanı görürəm və hesab edirəm ki, bunu oxucularımıza da göstərə bilmişik”.
R.Rövşən əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.
2013-cü ildə “Türk Dünyası Bilim, Kültür və Sanat Ödülü”nü alıb.
Avrasiya Akademiyasının akademiki və akademiyanın “Avrasiya Əfsanəsi” mükafatının sahidir (2019).
Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.