Şənbə , 16 Noyabr 2024
Drone Cameras

Dövlətə xəyanətdə ittiham olunan universitet tələbəsinə hökm oxundu

Gənc qızın sözlərinə görə, ona yazan şəxsin Ermənistan xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilməyib

Laçın-Xankəndi yolunda 2022-ci il dekabrın 12-dən başlayan və 138 gün davam edən etiraz aksiyasında iştirak etmiş gənc könüllülərdən biri Fidan Əliyeva dövlətə xəyanət ittiham ilə 6 il azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmə əsasən, 2003-cü il təvəllüdlü Fidan Əliyeva Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə – Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarına casusluqda təqsirli bilinib. İttihama görə, o, Azərbaycanla bağlı məlumatları, foto və video görüntüləri

“Telegram” şəbəkəsi vasitəsilə əlaqədə olduğu erməniyə yollayıb.

Fidan Əliyevanın 2022-ci ilin yayından Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşının tapşırıqlarını icra edərək, onlara müəyyən məlumat və şəkillər göndərdiyi iddia edilir.

İttihama əsasən, bu proses 2022-ci ilin dekabrında onun Şuşada etiraz aksiyasında iştirak etdiyi dövrdə də davam edib.

İş materiallarında Fidan Əliyevanın göndərdiyi səs yazıları da var.

Özünü qismən təqsirli bilən Fidan Əliyevanın sözlərinə görə, qətiyyən casusluq etmək niyyəti olmayıb. Gənc qızın sözlərinə görə, ona yazan şəxsin Ermənistan xüsusi xidmət orqanının əməkdaşı olduğunu da bilməyib.

Fidan Əliyeva bildirib ki, digər tələbələrlə birlikdə “Telegram”da Azərbaycan əleyhinə təbliğat aparan erməni səhifələrinin bloklanması üçün iş görürdülər. Sonra “Telegram” vasitəsilə onun fotosunu, şəxsi məlumatlarını götürüb, bununla onu hədələyiblər. Deyiblər ki, onun fotosunu yayıb, “vətən xaini” kimi təqdim edəcəklər. Fidan Əliyevanın sözlərinə görə, bu səbəbdən sonradan tələb etdikləri addımları atmaq məcburiyyətində qalıb. Hətta öz əleyhinə olduğunu bilə-bilə ondan tələb olunan fikirləri səsləndirib, onları səs yazısı şəklində onlara göndərib.

İki dəfə təyin edilmiş psixiatrik ekspertizaların hər ikisi tələbənin qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkməsi barədə rəy verib. Rəyə əsasən, ittiham olunduğu əməli törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları idarə etmək iqtidarında olmayıb.

Məhkəmə belə qərara gəlib ki, Fidan Əliyeva anlaqlılığı istisna etməyən psixi pozunutulu şəxs kimi Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür.

Bu maddəyə əsasən, anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən, həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir.

Bununla belə, məhkəmə Fidan Əliyevaya qoyulan “qarışıq tipli şəxsiyyət pozuntusu” diaqnozunu da nəzərə alıb. Onun psixi xəstəlikdən əziyyət çəkdiyini, gəncliyini, ilk dəfə cinayət törətməsini və s. məqamları nəzərə alaraq, ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib. Bu maddəyə əsasən, məhkəmə müstəsna hallarda, cinayətə görə qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən də aşağı cəza təyin edə bilər. İndiki halda, Azərbaycanda dövlətə xəyanətə görə cəza 12 ildən başlayır.

Məhkəmə Fidan Əliyevanı Cinayət Məcəlləsinin 274-cü maddəsilə təqsirli bilsə də, onun 6 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarılıb.

Fidan Əliyeva 2022-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, həbs olunarkən Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin III kurs tələbəsi idi.

Check Also

Zərərçəkənlər Ağadadaş Ağayevi adam öldürməyə cəhddə ittiham edir

 Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsinə əsas görmür Xalq artisti, müğənni Ağadadaş Ağayevə qarşı xuliqanlıqla bağlı …