Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Dövlət idarəçiliyində lider fenomeni

Çağdaş tariximizin görkəmli siması, böyük siyasətçisi olan Heydər Əliyev milyonlarla insan üçün ideal şəxsiyyətdir. Azərbaycanın yeni və ən yeni tarixi də məhz onun siyasəti və strategiyası ilə yaranıb. Ulu öndər dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideyalara daxilən bağlı olub. Azərbaycanın ümummilli lideri unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıb. 
Heydər Əliyev zaman etibarilə dövlətçilik tariximizin yalnız 35 ilinə sahiblik edib. Fəqət əsrin üçdə birini ehtiva edən bu zaman kəsiyinin mahiyyətində xalqın yüzilliklərlə intizarında olduğu ideallar, niyyətlər, arzular gerçəkliyə çevrilib. Bu 35 il Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstutision haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və hərtərəfli inkişafı kimi misilsiz tarixi prosesi özündə ehtiva edir. Azərbaycan əsrlər boyu əxz etdiyi idarəetmə ənənəsini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını dünyaya bir daha nümayiş etdirib. 
Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanda rəhbərlikdə olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi-psixoloji baza sonrakı dövrdə – müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü – Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi. 
Ümummilli liderin diqqətçəkən idarəçilik keyfiyyətləri sırasında onun ən çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti heç zaman xatirələrdən silinməyəcək. Öz liderinin müdrik uzaq hədəflərə hesablanmış, çevik addımlar atmaq əzmindən yetərincə xəbərdar olan Azərbaycan xalqı ən ağır, mürəkkəb vəziyyətlərdə belə arxayın idi. Təkcə bu səbəbdən ki, baş qaldıran təhlükələr, həyatın bu və ya digər mürəkkəblikləri Heydər Əliyev şəxsiyyətinin əzəməti qarşısında son dərəcə bəsit görünürdü. Azərbaycan insanı əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını bilirdi. Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qalanda xalqın yeganə xilaskarı kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı. 
Həmin ilin iyununda xilaskarlıq missiyasının nəticəsi kimi Azərbaycan xalqı Heydər Əliyevi özünün rəhbəri seçdi. Ulu öndərin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda uğurlu addımlar atıldı, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan hüquqi islahatlar həyata keçirildi, insan hüquq və azadlıqlarının təminatı sahəsində dönüş təmin edildi. 
Bu mənada 90-cı illərdə Heydər Əliyevin xilaskarlıq missiyasına sığınan Azərbaycan cəmiyyəti böyük liderin tarixi rolunu heç də təkcə ölkəni təhlükədən xilas etməkdə görmürdü. Xalq Azərbaycanın xilasını geniş planda, ölkədə nəinki yeni siyasi, həm də iqtisadi və mənəvi situasiyanın yaradılması miqyasında nəzərdən keçirirdi. Başqa sözlə, Heydər Əliyevin xilaskarlıq missiyası dedikdə çox genişmiqyaslı, sistemli və ardıcıl həyata keçirilən islahatlar başa düşülürdü ki, bunlar Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməzliyini tarixi həqiqətə çevirmiş olacaqdı. 
Heydər Əliyev müasir, sivil, demokratik dəyərlərə sahib, azad, müstəqil yaşayan bir milləti dünyanın diqqətinə çatdırdı. Ulu öndər bütün bəşəri dəyərləri özündə əks etdirən, ən ali ənənələri yaşadan və modern yeniliklərə qovuşan, yeni dünya düzənində əhəmiyyətli yer tutan tam bir dövlət yaratdı. Nəticə etibarilə indi Heydər Əliyev faktoru Azərbaycan dövləti və Azərbaycan xalqı ilə birlikdə vahid tam təşkil edir. 
Göründüyü kimi, müasir Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu öndər Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınaqlarından şərəflə çəxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə bir xalqın dünəni, bu günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi idarəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. 
Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi naminə təşkilati-hüquqi tədbirlərlə yanaşı, həm də mükəmməl ideoloji-siyasi iş aparmış, soydaşlarımızın monolit qüvvəyə çevrilməsi üçün azərbaycançılıq ideologiyasını önə çəkmişdir. 
Vurğulamaq lazımdır ki, Ukrayna-Azərbaycan dostluq əlaqələri yüksələn xətlə inkşaf edir. Bu dostluğun memarı isə ulu öndərimiz Heydər Əliyevdir. O, Ukraynada rəsmi səfərlərdə olarkən həmişə milli diasporumuzla yaxından maraqlanmış, onun monolit qüvvəyə çevrilmələri üçün soydaşlarımıza lazımi tövsiyələr vermişdir. Ukrayna-Azərbaycan əlaqələrinin möhkəmlənməsindəki tarixi xidmətlərinə görə Heydər Əliyev “Yaroslav Mudri” ordeninə layiq görülmüşdür. 
Qeyd etmək lazımdır ki, Kiyev şəhərinin mərkəzi küçələrinin birində ümummilli lider Heydər Əliyevin əzəmətli heykəli ucalır. 
Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə ulu öndər Heydər Əliyevə minnətdardır. Xalqımız ümummilli liderə həm də ona görə minnətdardır ki, İlham Əliyev kimi lideri bizə bəxş etdi. Çünki məhz Prezident cənab İlham Əliyevin titanik səyi nəticəsində bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirən Prezident İlham Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, xalqa olan dərin məhəbbəti, vətənpərvərliyi müstəqil Azərbaycan dövlətinin gələcək inkişafına təminat verən yeganə amildir.

Əfqan SALMANOV, 
Azərbaycanın Xarkov şəhərindəki
fəxri konsulu,
“III dərəcəli Vətənə xidmət” ordenli.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …